Körfəz ölkələri İrana qarşı birləşəcək? – Ekspertdən diqqətçəkən açıqlamabackend

Körfəz ölkələri İrana qarşı birləşəcək? – Ekspertdən diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ–İran qarşıdurmasının dərinləşməsi Yaxın Şərqdə geosiyasi balansı daha da həssas vəziyyətə gətirib. Regionda təhlükəsizlik risklərinin artması fonunda ərəb ölkələrinin gələcək hərbi-siyasi davranışı, xüsusilə də İrana qarşı mümkün koordinasiyalı təhlükəsizlik mexanizminin formalaşması beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Mövcud proseslər həm regional sabitlik, həm də enerji və təhlükəsizlik arxitekturasının gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Körfəz ölkələrinin əksəriyyəti İrana münasibətdə həm ciddi narahatlıq, həm də narazılıq hissi keçirir.

“Çünki ümumilikdə İran bu ölkələrin bir qisminə raket zərbələri endirib və bunun fonunda İranla bağlı narahatlıqlar tədricən bütün ərəb dünyasına yayılmağa başlayıb. Əksər ərəb dövlətlərinin İranla ciddi problemləri mövcuddur və onlar İranı öz milli təhlükəsizlikləri üçün real təhdid kimi qiymətləndirirlər. Bununla belə, hazırkı mərhələdə İrana qarşı vahid koalisiyanın yaradılması istiqamətində konkret addımlar müşahidə olunmur.

Lakin yaxın gələcəkdə vəziyyət daha təhlükəli məcraya yönələrsə, ərəb ölkələri öz təhlükəsizliklərini təmin etmək məqsədilə müəyyən addımlar ata bilərlər. Hazırda belə bir təşəbbüs görünməsə də, ərəb dövlətlərinin böyük əksəriyyəti İranın yaratdığı risklərdən narahatdır və mümkün hərbi təhlükə ehtimalını nəzərə alır.

Bu narahatlıqların və təhlükə gözləntilərinin artması gələcəkdə ərəb dövlətlərini vahid platformada birləşdirərək İrandan müdafiə məqsədilə hərbi ittifaq formalaşdırmağa sövq edə bilər. Belə bir ssenarinin reallaşması isə Yaxın Şərqdə mövcud hərbi-siyasi böhranı İranla ərəb dövlətləri arasında birbaşa qarşıdurma mərhələsinə keçirə bilər. Bu isə son dərəcə təhlükəli inkişaf olardı. Çünki müsəlman dünyasında dərin ziddiyyətlərin yaranması region ölkələri üçün əlavə və uzunmüddətli problemlər yarada, eyni zamanda digər təhlükə çağırışlarına qarşı kollektiv müqavimət imkanlarını zəiflədə bilər”.

//Gülnarə Abasova, Editor.az