ABŞ və İran niyə geri çəkilmir? – Politoloq səbəbləri AÇIQLADIbackend

ABŞ və İran niyə geri çəkilmir? – Politoloq səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran münasibətlərində gərginliyin yenidən yüksəlməsi Yaxın Şərqdə təhlükəsizlik balansı ilə bağlı narahatlıqları artırıb. Vaşinqtonun sərt bəyanatları və Tehranın cavab hədələri fonunda regionda yeni hərbi eskalasiya ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud vəziyyətin perspektivlərini və qarşıdurmanın hansı istiqamətdə inkişaf edə biləcəyini politoloq Azər Qasımov Editor.az-a şərh edib.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İran-ABŞ qarşıdurmasının xarakterinə nəzər saldıqda görünür ki, bu, müharibə etmək istəməyən iki ölkənin məcburiyyət qarşısında atdığı addımları xatırladır:

“Nə İran, nə də ABŞ müharibədə maraqlıdır. Ancaq onları bu mərhələyə gətirib çıxaran ciddi səbəblər var. Məqbul nəticə əldə etmək üçün isə tərəflər sonadək getməkdə maraqlıdırlar. İran çox şey itirsə də, ümidini itirməyib. ABŞ da çətin vəziyyətlə üzləşsə də, öz gücünə və imkanlarına arxayındır. Bu baxımdan qarşıdurmanın uzanması ehtimalı kifayət qədər yüksəkdir. Qarşılıqlı maraqların toqquşması bölgədə yeni hərbi qarşıdurma risklərini artırır.

Məsələnin kökündə isə İsrailin maraqlarının tam təmin olunmaması dayanır. Bu məsələ qapalı bir həlqənin tərkib hissəsidir. Bir problem həll olunmayınca digər problemlərin də həlli mümkün olmur. Məsələn, Livanda Hizbullahın neytrallaşdırılması İsrail üçün vacibdirsə, İran bunun əleyhinədir. Eyni vəziyyət İranın raket proqramı ilə bağlı da müşahidə olunur.

Əslində, son proseslər göstərir ki, İranın raket və pilotsuz uçuş aparatları potensialı artıq nüvə silahı məsələsini belə kölgədə qoyub. İsrail bunu gələcəkdə İranın nüvə silahı əldə etməsi ehtimalından daha böyük və daha real təhlükə hesab edir. Çünki nüvə proqramının qarşısını almaq üçün hələ müəyyən zaman ola bilər, lakin raket və pilotsuz uçuş aparatları hazırda mövcud olan real hərbi güc və təhlükədir.

Ona görə də hesab edirəm ki, Trampın tez-tez səsləndirdiyi “belə davam etsə, İran adlı yer qalmayacaq” hədəsi əslində onların mövcud vəziyyətdən çıxış yolu kimi təqdim olunur. Bu səbəbdən də düşünürəm ki, regionda hərbi qarşıdurma başa çatmayacaq, əksinə, yeni hərbi qarşıdurmaların yaranmasına zəmin yaradacaq”.