Brüssel 2 iyun – Avropa Komissiyası Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji böhranının təsirlərini azaltmaq məqsədilə Avropa İttifaqına üzv ölkələr üçün büdcə xərclərinə nəzarət qaydalarını yumşaltmağı nəzərdən keçirir.
Editor.az bu barədə Bloomberg’ə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası üzv dövlətlərə yüksək enerji qiymətlərinin iqtisadiyyata vurduğu zərbələri kompensasiya etmək üçün əlavə maliyyə çevikliyi verməyi planlaşdırır. Təklif olunan mexanizm hökumətlərə enerji ilə bağlı tədbirlərə ümumi daxili məhsulun (ÜDM) təxminən 0,3 faizi həcmində əlavə vəsait yönəltməyə imkan verə bilər.
Mənbələrin bildirdiyinə görə, bu addım əsasən İran ətrafında gərginliyin artması və bunun qlobal enerji bazarlarına təsiri nəticəsində yaranan vəziyyətə cavab olaraq nəzərdən keçirilir. Avropa rəsmiləri enerji qiymətlərindəki kəskin artımın həm sənaye, həm də əhali üçün əlavə risklər yaratdığını vurğulayırlar.
Bundan əvvəl Financial Times qəzeti xəbər vermişdi ki, dünya yeni və daha təhlükəli enerji böhranı mərhələsinə daxil olduğu üçün təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq məqsədilə fövqəladə tədbirlər tətbiq edib. Nəşr enerji bazarındakı gərginliyin əsas səbəblərindən biri kimi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının yaratdığı qeyri-müəyyənliyi göstərib.
Ekspertlər isə vəziyyətin daha da pisləşəcəyi təqdirdə dünya bazarında neftin qiymətinin rekord həddə, bir barel üçün 200 ABŞ dollarına qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər.
//Gülnarə Abasova, Editor.az


