Albaniyada Baş nazir Edi Ramaya qarşı keçirilən etiraz aksiyaları altıncı gündə daha da gərginləşib. Paytaxt Tiranada nümayişçilərlə polis arasında baş verən toqquşmalar zamanı xəsarət alanların sayı artıb. Hökumət başçısı isə xalqa müraciət edərək vəzifəsindən getmək niyyətində olmadığını bildirib.
Editor.az-ın məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi məlumat yayıb.
Oktyabrın 18-də Albaniyanın paytaxtında keçirilən aksiyalar zamanı polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Təhsil Nazirliyinin binası qarşısı nümayişlərin əsas toplaşma məkanlarından birinə çevrilib.
Etirazçıların Tirananın mərkəzi küçələrinə yayılması nəticəsində qarşıdurmalar saatlarla davam edib. Nümayişçilər polis əməkdaşlarına daş, “Molotov kokteyli” və pirotexniki vasitələr atıblar. Bir sıra zibil qutuları yandırılıb, hakim partiyanın qərargahı da daxil olmaqla, bəzi binaların pəncərələri sındırılıb.
Bundan başqa, polis bölməsinin və Daxili İşlər Nazirliyinin binasının giriş hissəsində yanğın törədildiyi bildirilir.
Məlumata əsasən, oktyabrın 18-də baş verən hadisələr zamanı 19-u polis əməkdaşı olmaqla, ümumilikdə 28 nəfər xəsarət alıb. Son bir həftə ərzində aksiyalarla əlaqədar yaralananların sayı 272 nəfərə çatıb. Onlardan 169-u hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Baş nazir Edi Rama oktyabrın 18-də etirazlarla bağlı ilk geniş videomüraciətini yayımlayıb. “Facebook” üzərindən canlı yayımlanan çıxış təxminən 2 milyon dəfə izlənilib. Bir saat 14 dəqiqə davam edən müraciətində Rama istefa verməyəcəyini bildirib və nümayişlərin arxasında xarici qüvvələrin dayana biləcəyini iddia edib. O, çıxışı zamanı Rusiya və İranın adlarını da çəkib.
Qeyd edək ki, əhalisi təxminən 2,4 milyon nəfər olan Albaniyada davam edən etirazlar ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib.
Avstriya rəsmilərinin məlumatına görə, Albaniya hökuməti Edi Ramanın Vyanaya səfərini və oktyabrın 19-na planlaşdırılan Avstriya kansleri Kristian Ştokerlə görüşünü təxirə salıb.

