“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilib. Yeni qaydalar Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin tətbiqinin isə cari ayın 1-dən hesablanması nəzərdə tutulur.
Editor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Deputatın sözlərinə görə, yeni mexanizm müəyyən kateqoriyadan olan vətəndaşların pensiya təminatında artıma səbəb olacaq. Belə ki, onların fərdi hesablarında toplanan vəsait əsasında hesablanan aylıq pensiya məbləğinin üzərinə sabit əlavə də hesablanacaq. Nəticədə, müvafiq kateqoriyaya daxil olan şəxslərin alacaqları ümumi pensiya məbləği artacaq.
Deputat qeyd edib ki, hazırda, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əmək haqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir:
“Sadə misal ilə izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni, fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144= 590.2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590.2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə: Aylıq pensiya məbləği = 590.2 manat + sabit əlavə”.
V.Bayramov nəzərə çatdırıb ki, yeni qaydalar ilə pensiya ve pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək:
“Yəni, həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək”.

