Güclü küləklə bağlı DYP-dən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQbackend

Güclü küləklə bağlı DYP-dən sürücülərə TƏCİLİ XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 19-da gözlənilən güclü küləklə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Editor.az-ın Musavat.com-a istinadən məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcəyi gözlənilir.

Dövlət Yol Polisi əlverişsiz hava şəraitinin yollarda təhlükəli vəziyyət yarada biləcəyini nəzərə alaraq sürücüləri daha diqqətli olmağa çağırıb.

İdarədən bildirilib ki, güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda avtomobillərin hərəkətinə mənfi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir. Bu risk iri yük avtomobilləri və qoşqulu nəqliyyat vasitələri üçün daha ciddi ola bilər.

Sürücülərə hava şəraitinə uyğun sürətlə hərəkət etmək, avtomobillər arasında təhlükəsiz məsafəni qorumaq, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək tövsiyə olunur.

Bundan başqa, küləyin təsiri ilə aşma və ya düşmə təhlükəsi yarada biləcək ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər konstruksiyaların yaxınlığında avtomobillərin saxlanılmaması vacib sayılır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri hava proqnozunu nəzərə almağa, yollarda ehtiyatlı davranmağa və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.

Qurum vurğulayıb ki, əlverişsiz hava şəraitində diqqətli və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.