Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması və magistral yollara çıxışın asanlaşdırılması məqsədilə iki mühüm yol layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihələr çərçivəsində yeni tunellərin, əlaqələndirici yolların və müxtəlif səviyyəli yol ötürücüsünün inşası nəzərdə tutulur.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sözügedən layihələr Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üzrə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsi sırasındadır.
İlk layihə Xırdalanda yeni tunelin və əlaqələndirici yolların tikintisini, həmçinin mövcud yol şəbəkəsinin və yol qovşaqlarının yenidən qurulmasını əhatə edir. Bu tədbirlər nəticəsində şəhərin M-1 və M-4 magistral avtomobil yollarına bağlantılarının genişləndirilməsi, eləcə də Xırdalanın müxtəlif əraziləri arasında yeni hərəkət marşrutlarının yaradılması nəzərdə tutulur.
İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalanın mərkəzinə birbaşa nəqliyyat əlaqəsinin qurulmasını hədəfləyir. Bu məqsədlə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün tikintisi planlaşdırılır.
AAYDA-nın məlumatına görə, şəhər ərazisindən keçən dəmir yolu xətti Xırdalanı iki hissəyə ayırır. Mövcud keçidlərin sayının və imkanlarının məhdud olması sürücülərin alternativ marşrutlarla daha uzun məsafə qət etməsinə, bəzi küçələrdə nəqliyyat sıxlığının artmasına və magistral yollara çıxışın çətinləşməsinə səbəb olur.
Yeni layihələrin icrası ilə Xırdalanda əlavə nəqliyyat bağlantılarının yaradılması, avtomobillərin hərəkətinin müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi və şəhərdaxili yollarda sıxlığın azaldılması gözlənilir.
Qeyd edək ki, layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramı çərçivəsində nəzərdə tutulub. Tikinti işlərinin başlanma və başa çatma tarixləri ilə bağlı təqdim olunan məlumatda konkret müddət göstərilməyib.

