Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq zamanı ailə üzvləri də şahid qismində dindirilib. Onun oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu əməllərlə bağlı verdiyi ifadənin məzmunu məlum olub.
Editor.az-ın Gununsesi.info-ya istinadən verdiyi məlumata görə, Timur Mehdiyev ifadəsində atasının səhhətində problemlərin olduğunu və yaddaş pozğunluğundan əziyyət çəkdiyini bildirib.
O, istintaqa açıqlamasında atasının bəzən öz davranışlarına nəzarət etməkdə və hərəkətlərinin fərqində olmaqda çətinlik çəkdiyini qeyd edib. Timur Mehdiyev bu səbəbdən atasının ittiham olunduğu məsələlər barədə konkret məlumatının olmadığını vurğulayıb.
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə o, ifadəsində bildirib.
Ramiz Mehdiyev hansı ittihamlarla üzləşib?
Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət, eləcə də 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb.
Sabiq Prezident Administrasiyası rəhbərinin işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Timur Mehdiyevin səsləndirdiyi fikirlər onun istintaqa verdiyi ifadənin məzmunudur. Bu açıqlama özlüyündə məhkəmənin yekun qərarı və ya irəli sürülən ittihamların təsdiqi kimi qiymətləndirilməməlidir.

