Qarpızın tərkibində nitratın yüksək olub-olmadığını müəyyənləşdirmək üçün su və yod vasitəsilə aparılan iki sadə yoxlama üsulundan istifadə etmək mümkündür. Bununla belə, mütəxəssislər bildirirlər ki, nitratın dəqiq miqdarını yalnız xüsusi nitratölçən cihaz müəyyən edə bilər.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Moskva Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru Nina Myaşişevanın sözlərinə görə, ilk üsulda qarpızın bir parça ləti su dolu stəkana salınır. Əgər su sadəcə bulanıqlaşarsa, bu normal hesab olunur. Su çəhrayı və ya qırmızı rəng alarsa, həmin qarpızdan istifadə etməmək tövsiyə edilir.
İkinci üsul isə qarpızın kəsilmiş hissəsinə bir damcı yod damızdırmaqdır. Yod göy rəng alarsa, bu, nitratın yüksək olmasına işarə edə bilər. Lakin alim vurğulayıb ki, bu üsul tam etibarlı hesab edilmir və dəqiq nəticə yalnız xüsusi analiz və ya nitratölçən cihaz vasitəsilə əldə olunur.
Mütəxəssisin sözlərinə görə, qarpızda nitratın təhlükəsiz səviyyəsi hər kiloqram məhsul üçün 60 milliqrama qədərdir. Bu həddin aşılması zəiflik, başgicəllənmə, ürəkbulanma, qusma, qarında ağrı və spazmlar, ishal, iştahasızlıq və yuxululuq kimi qida zəhərlənməsi əlamətlərinə səbəb ola bilər.
Alim qarpız seçərkən görünüşünə də diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, lətin qeyri-təbii dərəcədə parlaq qırmızı və ya bənövşəyi rəngdə olması, mərkəzdən qabığa doğru uzanan liflərin sarı və ya tünd-sarı rəng alması narahatedici əlamətlərdir. Keyfiyyətli qarpızın kəsik səthi dənəvər və məxməri görünməli, həddindən artıq hamar və parlaq olmamalıdır.
Bundan əlavə, mütəxəssis qarpızın yalnız rəsmi satış məntəqələrindən alınmasını, satıcıdan məhsulun keyfiyyət sertifikatının tələb edilməsini və avtomobil yollarının kənarında satılan qarpızlardan uzaq durmağı məsləhət görüb. Onun sözlərinə görə, belə məhsullar işlənmiş qazlar və ağır metallarla çirklənmə riski daşıya bilər.
//Gülnarə Abasova, Editor.az

