Alimlər beynin tullantıları burun yolu ilə xaric etdiyini müəyyən ediblərbackend

Alimlər beynin tullantıları burun yolu ilə xaric etdiyini müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də fəaliyyət göstərən alimlər beynin zülal mənşəli tullantılarının orqanizmdən xaric olunması ilə bağlı yeni və mühüm mexanizm aşkar ediblər. Araşdırmanın nəticələrinə görə, bu tullantıların əhəmiyyətli hissəsi əvvəl düşünüldüyü kimi boyun limfa düyünləri vasitəsilə deyil, əsasən burun keçidləri, beyin qişaları və kəllə toxumaları vasitəsilə xaric edilir.

Editor.az xəbər verir ki, tədqiqat ABŞ-ın Gladstone İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb və nəticələri nüfuzlu Cell elmi jurnalında dərc olunub.

Beyin daim müxtəlif zülallar sintez edir və onlar öz funksiyalarını yerinə yetirdikdən sonra toxumalardan uzaqlaşdırılmalıdır. İndiyədək elm dünyasında bu tullantıların əsasən boyun nahiyəsində yerləşən limfa düyünləri vasitəsilə xaric olunduğu qəbul edilirdi.

Lakin yeni araşdırma göstərib ki, beynin təbii təmizlənmə sistemi fərqli prinsiplərlə işləyir.

Bu prosesi izləmək üçün tədqiqatçılar siçanların neyronlarını genetik olaraq dəyişdirərək onların flüoresan yaşıl zülal istehsal etməsini təmin ediblər. Bunun sayəsində zülal tullantılarının yaranmasından orqanizmdən xaric olunmasına qədər bütün hərəkət trayektoriyasını ilk dəfə canlı şəkildə müşahidə etmək mümkün olub.

Müşahidələr göstərib ki, zülal tullantılarının yalnız kiçik bir hissəsi boyun limfa düyünlərinə çatır. Əksinə, onların böyük əksəriyyəti beyin qişaları, kəllə toxumaları və burun keçidləri vasitəsilə beyindən uzaqlaşdırılır.

Alimlər həmçinin müəyyən ediblər ki, beynin müxtəlif nahiyələri tullantıları fərqli marşrutlarla xaric edir. Yuxarı hissələrdə yaranan zülallar yaxınlıqdakı çıxış yolları ilə daşındığı halda, daha dərin strukturlardakı tullantılar beynin aşağı hissəsində yerləşən xüsusi kanallar vasitəsilə xaric olunur.

Tədqiqatçılar bu prinsipi “ən yaxın çıxış modeli” adlandırıblar.

Araşdırma zamanı Alzheimer xəstəliyi modeli üzərində də müşahidələr aparılıb. Məlum olub ki, bu xəstəlik zamanı beynin təmizlənmə sistemi normal fəaliyyət göstərmir, nəticədə zülal tullantıları kifayət qədər effektiv şəkildə xaric olunmur və toxumalarda toplanmağa başlayır.

Alimlərin fikrincə, məhz bu cür pozuntular neyrodegenerativ xəstəliklər üçün xarakterik olan toksik zülalların yığılmasına və xəstəliyin inkişafına şərait yarada bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr Alzheimer xəstəliyinin yaranma mexanizmlərinin daha dərindən anlaşılmasına, həmçinin beynin təbii təmizlənmə sisteminin bərpasına yönəlmiş yeni müalicə üsullarının hazırlanmasına mühüm töhfə verə bilər.

//Gülnarə Abasova, Editor.az