Moskvadan Paşinyana açıq mesaj: Ermənistan üçün təhlükəli proses başlayırbackend

Moskvadan Paşinyana açıq mesaj: Ermənistan üçün təhlükəli proses başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan gərginlik artıq təkcə siyasi bəyanatlarla məhdudlaşmır, həm də təhlükəsizlik və institusional əməkdaşlıq müstəvisində yeni mərhələyə qədəm qoyur. Moskvanın KTMT çərçivəsində İrəvanın maliyyə öhdəliklərini qabartması Kremlin regionda təsir imkanlarını qorumaq niyyətinin növbəti təzahürü kimi qiymətləndirilə bilər. Bu fonda yaranan vəziyyət həm Ermənistanın xarici siyasət kursu, həm də Rusiyanın Cənubi Qafqaz strategiyası baxımından diqqətlə izlənilən prosesə çevrilib.

Siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Ermənistanı cəzalandırmaq üçün müxtəlif vasitələr axtarır və bu istiqamətdə istifadə olunan alətlərdən biri də KTMT amilidir:

 

“Hesab edirəm ki, Ermənistanın təşkilatı tərk etməsi real görünmür. Çünki Moskva bununla Ermənistanın tamamilə Qərbin təsir dairəsinə yönələ biləcəyini yaxşı anlayır və belə bir ssenaridə maraqlı deyil.

Əslində, verilən mesaj daha çox Paşinyan hakimiyyətinə xəbərdarlıq xarakteri daşıyır. Kreml İrəvana xatırlatmağa çalışır ki, Ermənistan uzun illər Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi hesabına mövcud olub. Bu dəstəyin zəiflədilməsi və ya dayandırılması Ermənistan üçün ciddi nəticələr yarada bilər.

Bu baxımdan, Rusiyanın Ermənistanla bağlı səsləndirdiyi mesajları kifayət qədər ciddi qiymətləndirmək lazımdır. Diqqətçəkən məqamlardan biri də odur ki, məsələ Ermənistanda keçirilən parlament seçkilərindən sonra daha qabarıq şəkildə gündəmə gəldi. Rusiya həmin seçkilərdə istədiyi nəticəni əldə edə bilmədi, Kremlə yaxın qüvvələrin uğur qazanmasına nail olunmadı. Bundan sonra Moskvanın İrəvana təsir göstərmək üçün yeni mexanizmlər axtarmağa başladığı müşahidə olunur.

Baş nazir Nikol Paşinyan da bəyan edib ki, əgər KTMT-yə üzv dövlətlər Ermənistanın təşkilatdan çıxarılması məsələsini gündəmə gətirsələr, bu variant nəzərdən keçirilə bilər. Lakin hesab edirəm ki, Ermənistanın Rusiyaya qarşı sərt müqavimət göstərmək imkanları məhduddur. Çünki ölkə ərazisində hələ də Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Bu isə Ermənistanın təhlükəsizlik sistemində Moskvanın təsirinin davam etdiyini göstərir.

Əgər İrəvan həqiqətən də Kremlə açıq meydan oxumaq niyyətindədirsə, ilk növbədə Rusiyanın hərbi mövcudluğu məsələsini həll etməlidir. Mövcud reallıq isə bunun yaxın perspektivdə mümkün olmadığını göstərir”.

O bildirib ki, hazırda baş verənlər daha çox Paşinyan hakimiyyətinə ünvanlanmış “oluna gəl” mesajıdır:

“Ermənistanın yaxın dövrdə yenidən Rusiyaya yaxınlaşmaq məcburiyyətində qalacağı istisna deyil. Xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları da göstərir ki, Moskva bundan sonra Ermənistan məsələsində daha sərt və qətiyyətli xətt yürütməyə hazırlaşır”.

//Gülnarə Abasova, Editor.az