ABŞ Maliyyə Nazirliyi Kubanın dövlət neft şirkəti Unión Cuba-Petróleo (CUPET)-ə qarşı yeni sanksiyalar tətbiq edib.
Editor.az xəbər verir ki, qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına əsasən qüvvəyə minib.
ABŞ dövlət katibi Marko Rubio qərarı şərh edərək bildirib ki, bu addım prezident fərmanı əsasında atılıb. Onun sözlərinə görə, Kuba hakimiyyəti enerji sektorundan sosial nəzarət və korrupsiya məqsədləri üçün istifadə edir.
Rubio iddia edib ki, ölkə rəhbərliyi uzun illər ərzində yanacaq ehtiyatlarını əhalinin ehtiyaclarından çox təhlükəsizlik strukturları, şəxsi təyyarələr və digər məqsədlər üçün yönləndirib. O vurğulayıb ki, bu müddətdə Kuba vətəndaşları elektrik kəsintiləri və yanacaq çatışmazlığı ilə üzləşiblər.
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton Kuba hakimiyyətinin enerji ticarətindən əldə etdiyi gəlirlərdən istifadə imkanlarını məhdudlaşdırmaq üçün bundan sonra da oxşar tədbirlər görəcək.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, tətbiq edilən sanksiyalar çərçivəsində CUPET-in ABŞ yurisdiksiyasında olan aktivləri dondurulur və ABŞ vətəndaşları ilə şirkət arasında istənilən biznes əməliyyatları qadağan edilir.
//Gülnarə Abasova, Editor.az

