Moskva görüşünün pərdəarxası: Hakan Fidan hansı mesajlarla Kremlə gedir?backend

Moskva görüşünün pərdəarxası: Hakan Fidan hansı mesajlarla Kremlə gedir?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya planlaşdırılan səfəri regional və qlobal təhlükəsizlik gündəliyinin ən həssas mövzularının müzakirə ediləcəyi mühüm diplomatik platforma kimi qiymətləndirilir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi dinamika, İran ətrafında formalaşan yeni risklər və Cənubi Qafqazda qüvvələr balansının yenidən şəkillənməsi fonunda keçiriləcək görüş Ankara ilə Moskva arasında həm rəqabət, həm də əməkdaşlıq elementlərini özündə birləşdirən münasibətlərin növbəti mərhələsinə işıq sala bilər. Eyni zamanda, Türkiyənin regionda artan diplomatik fəallığı və Azərbaycanın maraqları ilə üst-üstə düşən strateji yanaşmaları bu təmasların nəticələrini xüsusi diqqət mərkəzinə gətirir.

Politoloq Elçin Xalidbəylinin fikrincə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri hər iki ölkə üçün ciddi strateji əhəmiyyət daşıyır:

“Çünki Ankara və Moskva arasında bir sıra istiqamətlər üzrə kəskin fikir ayrılıqları mövcud olsa da, müəyyən məsələlərdə qarşılıqlı maraqların üst-üstə düşdüyü məqamlar da az deyil. Türkiyə Yaxın Şərqdə hərbi qarşıdurmaların dayandırılmasının tərəfdarıdır. Mövcud şəraitdə bu proses Rusiyanın maraqlarına da uyğun görünür. Çünki Yaxın Şərqdə yaranmış yeni gərginlik Moskvanın strateji planlarına əlavə yük yaradıb. Əgər bu böhran baş verməsəydi, Ukrayna müharibəsinin Rusiyanın irəli sürdüyü şərtlər çərçivəsində daha sürətlə siyasi razılaşma mərhələsinə keçməsi ehtimalı daha yüksək olardı.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi nəticəsində ABŞ-ın diqqətinin əhəmiyyətli hissəsi həmin istiqamətə yönəldi və Vaşinqton Ukrayna münaqişəsinin tənzimlənməsi prosesində əvvəlki fəallığını müəyyən qədər itirdi. Bu baxımdan bölgədə sabitliyin bərpası həm Türkiyə, həm də Rusiya üçün müəyyən ortaq maraq kəsb edir və tərəflərin bu məsələdə yaxın mövqelər nümayiş etdirməsi mümkündür.

Digər tərəfdən, Ankara Ukrayna müharibəsinin diplomatik yolla həllinə töhfə vermək və vasitəçilik imkanlarını qoruyub saxlamaq niyyətini davam etdirir. Bu model Moskva üçün də müəyyən mənada məqbul görünə bilər. Çünki Rusiya baxımından prosesdə daha balanslı mövqe nümayiş etdirən Türkiyənin iştirakı, açıq şəkildə tərəf tutan aktorlarla müqayisədə daha qəbulolunan hesab oluna bilər”.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq hüququn prinsiplərinə və Ukraynanın ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan etsə də, eyni zamanda Moskva ilə dialoq kanallarını açıq saxlayaraq praqmatik diplomatik xətt yürüdür:

“Məhz bu xüsusiyyət Ankaranın vasitəçilik potensialını gücləndirən əsas amillərdən biridir. Cənubi Qafqaza gəldikdə isə burada Türkiyə ilə Rusiyanın maraqlarının toqquşduğu istiqamətlər daha qabarıq şəkildə özünü göstərir. Rusiya regionda həm Qərbin, həm də digər xarici güclərin təsir imkanlarının genişlənməsini arzu etmir və uzun illər bu məkanı öz ənənəvi nüfuz zonası kimi qiymətləndirib. Lakin hazırkı geosiyasi reallıq əvvəlki dövrlərdən ciddi şəkildə fərqlənir.

Türkiyə Azərbaycanla strateji müttəfiqlik münasibətlərini daha da gücləndirib, Gürcüstanla iqtisadi və siyasi əməkdaşlığını yüksək səviyyəyə çatdırıb, eyni zamanda Ermənistanla normallaşma istiqamətində dialoqu davam etdirir. Bu proseslər Ankaranın Cənubi Qafqazdakı rolunu əhəmiyyətli dərəcədə artırır və Azərbaycanın regional maraqlarının möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Mövcud şərait nəzərə alınarsa, Hakan Fidanın Moskva səfərində bütün bu məsələlərin geniş şəkildə müzakirə olunacağı gözləniləndir. Tərəflər arasında maraqların uzlaşdırılması istiqamətində müəyyən anlaşmaların əldə olunması ehtimalını da istisna etmək olmaz”.

//Gülnarə Abasova, Editor.az