Alimlər qocalmanı ləngitməyin yeni və sadə üsulunu açıqlayıblarbackend

Alimlər qocalmanı ləngitməyin yeni və sadə üsulunu açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Sağlamlıq Məktəbinin alimləri gündəlik həyat rejiminin sabit olmasının bioloji qocalmanı ləngidə biləcəyini aşkarlayıblar.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “JAMA Network Open” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, insanın yalnız təqvim yaşı deyil, həm də “bioloji yaşı” mövcuddur. Bu göstərici orqanizmin nə qədər sürətlə yaşlandığını və köhnəldiyini əks etdirir. Bioloji yaş DNT-də yaşlanma ilə əlaqəli kimyəvi dəyişiklikləri analiz edən “epigenetik saatlar” vasitəsilə müəyyən edilir.

Tədqiqatda 207 yaşlı insan iştirak edib. Alimlər bir həftə ərzində onların fiziki aktivliyini, yuxu rejimini və işığa məruz qalma səviyyəsini izləyiblər. Eyni zamanda iştirakçıların gündəlik ritmlərinin nə dərəcədə sabit olduğu, aktivlik və istirahət dövrlərinin necə dəyişdiyi araşdırılıb. Əldə olunan nəticələr bioloji yaşın qiymətləndirilməsi üçün istifadə olunan dörd müxtəlif epigenetik model ilə müqayisə edilib.

Araşdırma göstərib ki, gündəlik rejimi daha sabit və proqnozlaşdırılan şəxslərdə qocalma prosesi daha yavaş gedir. Əksinə, nizamsız həyat tərzi keçirən, yuxu və aktivlik saatları tez-tez dəyişən insanlarda sürətlənmiş bioloji qocalma əlamətləri müşahidə olunub.

Tədqiqat müəlliflərindən Adam Spiranın sözlərinə görə, istirahət və aktivlik ritmləri fizioloji qocalmanın sürətini göstərən vacib indikator ola bilər. Araşdırmada əlaqənin xüsusilə qadınlarda və Avropa mənşəli iştirakçılarda daha güclü olduğu qeyd edilib.

Bununla belə, alimlər bildiriblər ki, tədqiqat müşahidə xarakteri daşıyır və hələlik gündəlik rejimin pozulmasının birbaşa qocalmanı sürətləndirdiyini tam şəkildə demək mümkün deyil. Gələcəkdə daha uzunmüddətli araşdırmaların aparılması planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az