Tiflisdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı İ.A. həbsdə saxlanılır. İstintaqın versiyasına görə, o, hadisədən sonra Gürcüstanı tərk etməyə çalışıb, lakin sərhəddə saxlanılıb.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Teona Peradzenin sözlərinə görə, Ermənistan vətəndaşı sentyabrın 20-də Gürcüstana daxil olub. İstintaq hesab edir ki, o, sentyabrın 21-nə keçən gecə Tiflisdəki parklardan birində yerləşən Heydər Əliyev büstünü zədələyib.
İ.A.-ya rəsmi ittiham irəli sürülüb və barəsində 55 günlük həbs qətimkan tədbiri seçilib. Dövlət əmlakına zərər vurmaqda təqsirli bilinərsə, onu 5 ilədək həbs cəzası gözləyir.
“Məhkəməni gözləyirik. Məhkəmə iclası noyabr ayına təyin olunub”, – vəkil bildirib.
Hadisə Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəlilədiyi bir vaxtda baş verib. İstintaqın versiyası təsdiqlənərsə, bu, sadəcə əmlaka zərər vurmaqdan ibarət olmayacaq: Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan Heydər Əliyevin büstünü hədəfə almaq həm də cəmiyyətin həssaslığına toxunan, gərginliyi artıran təxribatdır.
Ermənistan vətəndaşının hadisədən sonra Gürcüstanı tərk etməyə çalışması da diqqətdən kənarda qalmamalıdır. Belə bir əməlin törədilməsi və ardınca ölkədən çıxış cəhdi ilə bağlı bütün məqamlar hərtərəfli araşdırılmalı, təqsir sübuta yetirilərsə, qanunun nəzərdə tutduğu cəza tətbiq olunmalıdır.
Ermənistan hakimiyyəti bu işi siyasi müstəviyə çəkərək vətəndaşını müdafiə etməməli, Gürcüstanın hüquqi prosesinə hörmətlə yanaşmalıdır. Sülh prosesinin ciddi qəbul olunmasını istəyən tərəf, ilk növbədə, bu cür hərəkətlərə bəraət qazandırmamalı və məsuliyyətin labüdlüyünə mane olmamalıdır.
Vəkil saxlanılan şəxsin Ermənistanda yaşayan ailəsi ilə özü əlaqə saxlayıb. Bildirilir ki, İ.A.-nın geyimə və ilkin zəruri əşyalara ehtiyacı var.
Musavat.com

