“Azərbaycan teatrının dünyada tanıdılması üçün böyük və ciddi addımlar atmaq lazımdır. Mütləq beynəlxalq teatr festivalları təşkil olunmalıdır. Məsələn, bizdə İstanbul Məkan Festivalında dünyanın 27 ölkəsindən qastrol səfərinə gələnlər olur. Siz dünya teatrlarını öz ölkənizə dəvət edirsiz, 27 ölkənin hər birində də festival olanda onlar da sizi dəvət edir. Bununla da mədəni əlaqələr güclənir və teatr dünya arenasına çıxma şansı qazanır. Bir il ərzində Türkiyədə bir neçə festival olur. Bura dünyanın bütün ölkələrindən tamaşalar gəlir. Mən İstanbul Festival komitəsinin üzvüyəm. Festivallar əlaqələrin güclənməsi üçün bir körpüdür. Türk teatrı bu gün dünyada tanınır. Azərbaycan teatrının da bu yolu getməsini düşünürəm. Bunun üçün həm dövlət dəstəyi, həm də teatr büdcəsi olmalıdır. Dünyada teatrlar o qədər inkişaf ediblər ki.. Bizimkilər bunu oturub yutub üzərindən izləyirlər”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.
O daha sonra Azərbaycanda rejissor sənətinin zəiflədiyini bildirib:
“Bizim teatrların bünövrəsində rus teatr məktəbi hər zaman öndə olub. Mənim oxuduğum illərdə demək olar ki, Moskvaya rejissorluq təhsili almağa gedənlər çox idi. Onlar oradan tam yetişmiş bir rejissor kimi qayıdırdılar. İndi o ən-ənə yox olub. Mənim müəllimim Mehdi Məmmədov olub. Ondan çox şey öyrənmişəm. Amma indi elə rejissorlar yoxdur axı. Mənə elə gəlir ki, indi də gedib Moskvada teatr təhsili, ələxsus da rejissor təhsili almaq lazımdır. Çünki Stanislavski sistemi bütün dünyada qəbul olunan sistemdir. Mənim vaxtımda Batalov gəlib Moskvada oxumağa aktyor, aktrisa seçirdi. Sevilən aktrisamız Gülzar Qurbanova və s. sənətkarlar onun kursunun yetirmələridir. Bu gün İncəsənət Universitetində görün rejissorluqdan kimlər dərs deyir?! Məncə bu qənaətbəxş deyil. Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov kimi rejissorlardan sonra o səviyyə çox aşağı enib. Dünya arenasına çıxmaq üçün tamaşalarımızın keyfiyyəti yaxşı olmalıdır. Bizim aktyorlarımız istedadlıdır, amma rejissor sənətimiz dünya arenasına çıxarılacaq qədər güclü deyil. Bakıya gələndə bir neçə tamaşa izləyirəm. Demək olar ki, əksəriyyəti plagiat tamaşalardır. Aktyorlar üçün bunu deyə bilmərəm, amma rejissor sənəti bizdə o qədər də yüksəkdə deyil” deyə aktrisa bildirib.

