İranla əlaqəli olduğu ehtimal edilən “313 Team” haker qruplaşması Azərbaycanda 100-dən çox dövlət domeninə qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Editor.az-ın Haqqın.az-a istinadən məlumatına görə, qruplaşma hücumla bağlı açıqlamanı “Telegram” kanalında yayıb. Hakerlər hücumun gücünün saniyədə 2,5 terabiti keçdiyini iddia ediblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına əsasən, hücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarında fasilələr yaranıb. Görülən texniki tədbirlərdən sonra problemlərin aradan qaldırıldığı və saytların fəaliyyətinin bərpa olunduğu bildirilib.
“HawkEye”nin 2026-cı ilin martında yaydığı məlumata görə, “313 Team” İranla əlaqəli ola bilən və “İslam kibermüqaviməti” adı ilə də tanınan haker qruplaşmasıdır. Onun İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə mümkün əlaqələri olduğu ehtimal edilir.
Qruplaşma daha əvvəl ABŞ, Səudiyyə Ərəbistanı və Küveytdə müxtəlif qurumların rəqəmsal resurslarına qarşı DDoS hücumları ilə də əlaqələndirilib.
Qeyd edək ki, haker qruplaşmasının məsuliyyəti öz üzərinə götürməsi onun hücumu həyata keçirdiyini müstəqil şəkildə təsdiqləmir.

