Azərbaycanda saxta nikahlara görə qanunlar sərtləşdirilməlidirmi? – Deputat danışdıbackend

Azərbaycanda saxta nikahlara görə qanunlar sərtləşdirilməlidirmi? – Deputat danışdı  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra ölkələrdə əcnəbilərlə bağlanan nikah əsasında müvəqqəti yaşama icazəsinin alınması mexanizmindən sui-istifadə hallarının qarşısını almaq üçün qanunvericilik sərtləşdirilir. Gürcüstanda bu gündən qüvvəyə minən yeni qaydalara əsasən, yaşayış icazəsi əldə etmək məqsədilə saxta nikaha daxil olan əcnəbilər ölkədən çıxarılacaq və onlara 2 ildən 10 ilədək Gürcüstana giriş qadağası tətbiq olunacaq. Mütəxəssislər hesab edirlər ki, saxta nikahlar təkcə miqrasiya sisteminin deyil, həm də milli təhlükəsizlik və hüquqi nəzarət mexanizmlərinin qarşısında ciddi çağırış yaradır. Azərbaycanda da zaman-zaman əcnəbilərin yaşayış icazəsi əldə etmək məqsədilə formal nikahlara müraciət etməsi ilə bağlı iddialar səsləndirilir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda saxta nikahlar əsasında yaşayış icazəsinin alınması halları geniş yayılmış problem kimi qiymətləndirilmir:

“Belə hallardan hər hansı biri aşkar edildikdə isə qüvvədə olan qanunvericilikdə müvafiq hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur. Təbii ki, qanunsuz hər bir əməl qanunvericilik qarşısında məsuliyyət yaradır və bu cür hallara hüquqi qiymət verilir.Hesab edirəm ki, hazırda ölkəmizdə saxta nikahlar kütləvi xarakter daşımadığından bu sahədə qanunvericiliyin sərtləşdirilməsi və ya yeni hüquqi məsuliyyət tədbirlərinin tətbiqi zəruri görünmür. Əsas məsələ mövcud qanunların ardıcıl və effektiv şəkildə icrasının təmin edilməsidir.

Hər bir dövlət öz milli təhlükəsizliyini və miqrasiya siyasətini milli qanunvericiliyi əsasında tənzimləyir. Azərbaycanda da Miqrasiya Məcəlləsi, Cinayət Məcəlləsi və digər normativ hüquqi aktlar yaşayış icazəsinin qanunsuz yollarla əldə edilməsinin, sənəd saxtakarlığının və digər hüquqa zidd əməllərin qarşısının alınması üçün kifayət qədər hüquqi mexanizmlər nəzərdə tutur. Əgər gələcəkdə belə halların sayı artarsa və mövcud mexanizmlərin yetərsiz olduğu müəyyən edilərsə, həmin vaxt qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun ola bilər. Hazırkı mərhələdə isə mövcud hüquqi bazanın effektiv tətbiqi daha vacib hesab olunur”.

//Gülnarə Abasova, Editor.az