2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda benzin və dizel yanacağının satışından əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artıb. Bu göstərici yanacağa xərclənən vəsaitin yüksəldiyini göstərir. Artım fonunda istehlakçıları maraqlandıran əsas məsələlərdən biri isə benzin və dizelin qiymətinin gələcəkdə dəyişib-dəyişməyəcəyidir.
Bəs benzin və dizelə tələbatın artması ölkədə yanacağın, xüsusilə də benzin və dizelin bahalaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, yanacağa tələbatın artması Azərbaycanda benzin və dizelin qiymətinin yüksəlməsinə birbaşa təsir göstərmir.

Ekspertin sözlərinə görə, bunun əsas səbəbi ölkədə benzin və dizelin qiymətlərinin sərbəst bazar mexanizmi ilə formalaşmamasıdır:
«“Tələbatın artmasının benzin qiymətinin artmasına təsiri yoxdur. Bizdə dizel və benzin tənzimlənən qiymətlərə aiddir. Bazar iqtisadiyyatı olsaydı, o zaman tələbat artdıqca qiymət də arta bilərdi. Amma bizdə belə deyil”.»
Ə. Həsənov qeyd edib ki, yanacaq satışından əldə olunan gəlirin artması avtomatik olaraq qiymət artımı kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu göstəriciyə yanacaq istehlakının həcminin artması, ölkədə nəqliyyat vasitələrinin sayının çoxalması və digər amillər də təsir göstərə bilər.
Beləliklə, ekspertin açıqlamasından da göründüyü kimi, yanacağa tələbatın və satışdan əldə olunan gəlirin artması mövcud qiymət mexanizmi şəraitində benzin və dizelin avtomatik olaraq bahalaşacağı anlamına gəlmir.

