Gündəlik 20 min manat məbləğində pul köçürmələri şübhəli əməliyyat kimi qiymətləndirilə bilər.
Editor.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik “Maliyyə Sabitliyi Hesabatı”na həsr olunan mətbuat konfransında deyib.
AMB rəsmisi pul köçürmələrinin məbləği ilə bağlı məsələni şərh edərkən gündəlik 20 min manatlıq əməliyyatın şübhə doğura biləcəyini bildirib.

Qeyd edək ki, təqdim olunan məlumatda bu cür köçürmələrin avtomatik olaraq qanunsuz hesab edildiyi bildirilməyib. Əməliyyatın şübhəli sayılması üçün tətbiq olunan konkret meyarlar barədə əlavə məlumat verilməyib.
“Şəxsən mən də bank müştərisiyəm və düşünürəm ki, insanların böyük əksəriyyətinin hər gün müxtəlif kartlardan 20 min manat və daha çox vəsait qəbul etməsi adi hal deyil. Belə əməliyyatlar baş verirsə, onların səbəbləri araşdırılmalıdır. Bu, vergidən yayınma və yaxud qumar oyunları ilə bağlı fəaliyyət kimi risklərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Pul göndərilməsi ilə bağlı əməliyyatlarda da eyni yanaşma tətbiq olunur. Vəsaitin qəbul edilməsi zamanı limit aşıldıqda belə, müştəri banka müraciət edərək əməliyyatın mahiyyətini izah edə bilər. Bank araşdırma apardıqdan sonra əməliyyatın qumar oyunları və yaxud digər şübhəli fəaliyyətlə əlaqəli olmadığı qənaətinə gələrsə, onun həyata keçirilməsinə icazə verə bilər”, – deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, burada əsas məqsəd əməliyyatlara əsassız məhdudiyyət qoymaq deyil, riskləri müəyyənləşdirməkdir: “Hər hansı tənzimləmə tətbiq edilərkən müəyyən limitlərin kimlərinsə maraqlarına uyğun gəlməməsi mümkündür. Lakin biz ümumi mənzərəyə, risklərin təhlilinə və əldə olunan nəticələrə baxmalıyıq. Qiymətləndirməliyik ki, bankların tətbiq etdiyi limitlərin cəmiyyət üçün faydası nə qədərdir və bu tədbirlər nəticəsində hansı risklərin qarşısı alınır”.

