İsxak Hersoq: “Azərbaycan sabitliyin və iqtisadi artımın əsas dayağına çevrilib”backend

İsxak Hersoq: “Azərbaycan sabitliyin və iqtisadi artımın əsas dayağına çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın regional əməkdaşlığın gücləndirilməsi, sabitliyin qorunması və iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq dialoqun və tərəfdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib.

Editor.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Hersoq bu fikirləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) VII Sammitində çıxışı zamanı səsləndirib.

İsrail Prezidenti qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sabitliyin təmin olunması, iqtisadi artımın sürətləndirilməsi və region ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm mövqeyə sahib olub.

Hersoq sammitin Azərbaycanın regional tərəfdaşlığın inkişafına və etimadın möhkəmləndirilməsinə verdiyi töhfəni nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq gərginliyin artdığı indiki dövrdə Azərbaycan AQEM-in fəaliyyətinə xüsusi diqqət ayırır, dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi yolu ilə ümumi rifahın təmin edilməsini dəstəkləyir.

İsrail Prezidenti dövlətlər arasında birbaşa təmasların və açıq dialoqun əhəmiyyətinə də toxunub.

O bildirib ki, müasir dünyada ölkələrin bir-birindən təcrid olunaraq inkişaf etməsi mümkün deyil. İqlim dəyişikliyi, aclıq, xəstəliklər və digər qlobal problemlər dövlət sərhədlərini aşdığı üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Bakıda AQEM-in VII Sammiti keçirilir

Qeyd edək ki, AQEM-in VII Sammiti Azərbaycanın sədrliyi ilə Bakıda təşkil olunur. Tədbirdə təşkilatın 2022-ci ildə başlayan transformasiya prosesindən sonra əldə etdiyi nəticələr, eləcə də Azərbaycanın sədrliyi dövründə görülən işlər müzakirə edilir.

Sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, AQEM-ə üzv ölkələrin, müşahidəçi dövlətlərin, beynəlxalq təşkilatların və tərəfdaş qurumların nümayəndələri iştirak edirlər.

Görüşün əsas məqsədlərindən biri beynəlxalq münasibətlərdə gərginliyin artdığı, müxtəlif bölgələrdə münaqişələrin davam etdiyi şəraitdə dövlətlər arasında etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi yollarını müzakirə etməkdir.

Laosun təşkilata yeni üzv kimi qəbul edilməsi sammitin diqqətçəkən nəticələrindən biri hesab olunur. Tədbir çərçivəsində AQEM-in fəaliyyətinin təkmilləşdirilməsinə və üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlərin qəbul edilməsi də nəzərdə tutulur.

Bakı Bəyannaməsinin qəbulu gözlənilir

Sammitin əsas siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması planlaşdırılır. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilir.

Bəyannamədə beynəlxalq nizamın möhkəmləndirilməsi, hərbi-siyasi və iqtisadi risklərin azaldılması, ətraf mühitlə bağlı problemlərin həlli kimi məsələlərə yer verilməsi gözlənilir.

Bununla yanaşı, sənəddə dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyaların imkanlarından istifadə, eləcə də süni intellektin yaratdığı fürsət və risklər diqqət mərkəzində olacaq.

Bakı Bəyannaməsi ilə yanaşı, sammitdə əməyin təhlükəsizliyi və sağlamlığına dair ayrıca bəyanatın qəbul edilməsi də nəzərdə tutulur.