Türkmənbaşı şəhərində keçirilən MDB Sammitində dövlət başçılarının birgə fotoçəkilişi zamanı diqqətçəkən maraqlı anlar yaşanıb. Musavat.com xəbər verir ki, fotoçəkiliş zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevin yanında dayanan Ermənistanın Baş naziri Nikol Paşinyana yaxınlaşaraq ona zarafatla müraciət edib.
Lukaşenko Paşinyanın əlini sıxaraq: “O bizdən hara qaçasıdır ki…”-deyə bildirib. Belarus liderinin bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev və digər ölkə rəhbərləri tərəfindən təbəssümlə qarşılanıb.
Qeyd edək ki, 2024-cü ildə Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib. Ermənistanla KTMT arasında çətin münasibətlərdən danışan baş nazir Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb. “KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?”, – deyə Paşinyan bildirib.
“Bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, prezident Aleksandr Lukaşenko Belarusdadır. Və ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa getməyəcək”, – Paşinyan söz verib.
İki ölkə arasında demək olar ki, diplomatik əlaqələrin kəsildiyi bir vaxtda Lukaşenko Əliyevə baxaraq Paşinyanla bağlı replikasında nə demək istədi? Bu, Putinin “Batka”nın dili ilə erməni baş nazirə ismarışı idimi?
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, Lukaşenkonun Paşinyana yönəlik açıqlamaları postsovet məkanında formalaşmış siyasi münasibətlər sistemi və Ermənistanın bu sistemdəki mövqeyi ilə bağlı müəyyən nəticələr çıxarmağa əsas verir: “Bu açıqlamalar göstərir ki, Paşinyan hökuməti MDB məkanındakı ənənəvi siyasi dairələrlə münasibətlərində ciddi çətinliklərlə üzləşir. Ermənistanın baş naziri getdikcə daha mürəkkəb diplomatik şəraitdə fəaliyyət göstərməli olur və bu vəziyyət onun xarici siyasət manevrlərini müəyyən dərəcədə məhdudlaşdırır. Əslində, mövcud vəziyyət Azərbaycan üçün yeni siyasi və diplomatik imkanlar yaradır. Söhbət yalnız Ermənistanın müəyyən siyasi dairələrdə təklənməsindən getmir. Daha vacib məqam ondan ibarətdir ki, İrəvanın qarşılaşdığı bu çətinliklər regionda sülhün əldə olunması istiqamətində Azərbaycanın diplomatik mövqeyini gücləndirə bilər”.
Onun fikrincə, Ermənistanın müxtəlif güc mərkəzləri ilə münasibətlərində yaranan problemlər onun Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmaq üçün Azərbaycanla münasibətləri normallaşdırmasının əhəmiyyətini daha da artırır.

