Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya əsasən ölkəmizdə təhsil sistemi də dünyəvi xarakter daşıyır. Dünyəviliyin təmin edilməsində isə vahid geyim formasının tətbiqi mühüm rol oynayır.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı da məhz təhsildə dünyəvilik prinsipinin qorunmasına hesablanıb. Sözügedən qərara əsasən şagirdlərin geyim formasının vahidliyini pozan, eyni zamanda ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. Sözügedən prinsip müəllimlər üçün də nəzərdə tutulur.
Lakin…
Bu qərara qarşı çıxan bir sıra qüvvələr sistemli şəkildə hərəkətə keçiblər. Xüsusilə də bu gün səhər saatlarından etibarən bir sıra valideynlərin məktəblərə axını müşahidə olunur. Hicab tələbi ilə müşayiət olunan bu etirazlar zamanı əvvəlcədən hazırlanmış plakatlardan istifadə edilməsi, bəzi iştirakçıların aqressiv davranışları və çəkilən videoların İranla əlaqəli sosial şəbəkə hesablarında yayılması prosesin arxasında mümkün təşkilatlanma və koordinasiyanın olduğunu sübut edir.

Təbii ki, valideynlərin övladlarının təhsili və geyimi ilə bağlı fikirlərini sivil qaydada ifadə etmək hüququ var. Lakin müxtəlif məktəblərdə koordinasiyalı şəkildə etirazların təşkil olunması onu deməyə əsas verir ki, bu sadəcə valideyn narazılığı deyil. Dini həssaslıqdan istifadə etməklə ictimai rəyə təsir göstərməyə çalışan daha geniş kampaniya mövcuddur.
Kampaniyanın arxasında kim dayanır?
Bu suala cavab tapmaq üçün radikal çağırışlar edən, etirazları yayımlayan sosial şəbəkə hesablarına baxmaq kifayətdir.

Araşdırmalarımız nəticəsində məlum olub ki, sözügedən kampaniya İranyönümlü sosial şəbəkə hesablarında paylaşılır. Paylaşımların üslubu, çağırışlar da İranda Azərbaycan əleyhinə çıxışlar edən şəxslərin ritorikası ilə birə-bir eynilik təşkil edir.
Ən diqqətçəkən məqam isə paylaşımların şərhlər bölümündədir. Eyni profillər bütün bənzər paylaşımlara şərhlər yazır, çağırışlar edir, beləcə aktivliyi genişləndirməyə çalışırlar. Yəni kənardan həmin paylaşımların çox sayda “like”, “comment” yığdığı görünür. Ancaq müşahidə apardıqda, bəyənib rəy yazanların eyni profillər olduğu üzə çıxır. Bu isə prosesin ayrı-ayrı şəxslərin fərdi təşəbbüsü deyil, İran tərəfindən uzun müddətdir hazırlanmış, sistemləşdirilmiş kampaniya olduğunu sübut edir.

Bənzər şüarlar, əvvəldən hazırlanmış plakatlar
Bəzi məktəblərin qarşısına toplaşan valideynlərin əliboş gəlmədiyi də diqqət çəkir. Hamısı əvvəlcədən xüsusi olaraq hazırlanmış plakatlara birgə təhsil ocaqlarına üz tutublar. Həmin plakatların dizaynı, üzərindəki şüarlar da eynidir. Üstəlik, məktəblərin qarşısına toplaşanların demək olar ki, hamısı qadınlardır. Onlar etirazlarını sakit formada deyil, aqressiv şəkildə çatdırır, provokasiya yaratmağa çalışırlar.
Burada isə başqa suallar ortaya çıxır:
Necə ola bilər ki, fərqli rayonlarda yaşayan evdar qadınlar eyni üslublu plakatlarla, eyni gündə məktəblərin qarşısında peyda olurlar? Onların arasında hər hansı koordinasiya yoxdursa, bənzər aqressiya, oxşar çıxışlar necə üzə çıxır?
Təbii ki, bu sualların bir cavabı var: xaricdən idarə olunan koordinasiyalı təxribat kampansiyası.
Cəmiyyət ayıq-sayıq olmalı, təxribatlara uymamalıdır
Bütün bu məqamlar cəmiyyətin diqqətli və ayıq-sayıq olmasını zəruri edir. Dini inanclar və valideyn həssaslığı heç bir halda siyasi manipulyasiya vasitəsinə çevrilməməlidir. Azərbaycan vətəndaşları öz övladlarının gələcəyini düşünməli, dini duyğulardan istifadə edərək ölkədə süni qarşıdurma yaratmağa çalışan qüvvələrin oyunlarına uymamalıdırlar.
Unutmaq olmaz ki, Azərbaycanın dünyəvi təhsil sistemi dövlətimizin Konstitusiya ilə müəyyən edilmiş prinsiplərinə əsaslanır. Bu prinsipləri mübahisə predmetinə çevirmək, məktəbləri ideoloji qarşıdurma meydanına çevirməyə çalışmaq cəmiyyətin sabitliyinə zərər vura bilər. Buna cəhd edənlərə qarşı mübarizə aparmaq isə hər birimizin vətəndaşlıq borcudur.



