Azərbaycanda məktəblərdə hicab məsələsi vahid məktəbli forması, dünyəvi təhsil prinsipi və şagirdlərin dini etiqad azadlığı baxımından müzakirə olunur. Bir tərəfdən, məktəblərdə ümumi geyim qaydalarının bütün şagirdlərə eyni şəkildə tətbiq edilməsinin vacibliyi vurğulanır. Digər tərəfdən, şagirdlərin dini inanclarına hörmət edilməsi və təhsil hüquqlarının qorunması məsələsi ön plana çıxır. Bu mövzu cəmiyyətdə fərqli yanaşmaların və fikirlərin formalaşmasına səbəb olur.
Maraqlıdır, Azərbaycanda məktəblərdə hicabla bağlı qaydalar müəyyən edilərkən vahid məktəbli forması tələbləri ilə şagirdlərin dini etiqad azadlığı arasında tarazlıq necə təmin olunmalıdır?
Mövzu ilə bağlı Editor.az-a danışan sosioloq Üzeyir Şəfiyev hesab edir ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin təsirini azaltmaqla yanaşı, tədris intizamının güclənməsinə və məktəbdə sağlam münasibətlərin formalaşmasına töhfə verə bilər.
Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, məktəbli forması ilə bağlı məsələ yeni deyil və təkcə Azərbaycanda müzakirə olunmur:
“Avropa və Qərb ölkələrində də bu məsələ zaman-zaman müzakirə olunub. Təhsilin fəlsəfəsi, psixologiyası və sosiologiyası ilə məşğul olan mütəxəssislər arasında belə bir yanaşma mövcuddur ki, vahid məktəbli forması ilə şagirdlərin tədris intizamı, dərsi mənimsəməsi və bullinqə münasibəti arasında müəyyən əlaqə var.
Avropa və Qərb ölkələrində aparılan müşahidələr göstərib ki, vahid məktəbli formasına keçiddən sonra şagirdlər arasında bullinq hallarının azaldığı müşahidə olunub. Bəzi məlumatlarda bu azalmanın 60 faizə çatdığı, şagirdlərin dərsə fokuslanmasının isə 55-60 faiz arasında artdığı bildirilir. Bunun səbəblərindən biri odur ki, fərqli sosial-iqtisadi imkanlara malik ailələrdən gələn şagirdlər geyimlərinə görə istər-istəməz bir-biri ilə müqayisə olunur və bəzən qarşılıqlı münasibətlərdə stiqmatlaşdırıcı yanaşmalarla üzləşirlər. Belə hallarda diqqət dərsdən yayınaraq ailələrin sosial fərqlərinə yönəlir və şagirdlər arasında ayrı-seçkilik meyilləri yarana bilir.
Vahid məktəbli forması tətbiq edildikdə isə bu cür fərqlərin xarici görünüş vasitəsilə ön plana çıxması müəyyən qədər məhdudlaşır. Hesab edirəm ki, bu baxımdan vahid məktəbli formasına keçid zəruridir. Azərbaycan kimi ölkələrdə bu məsələnin xüsusi əhəmiyyəti var. Çünki Azərbaycan müxtəlif dini konfessiyaların mövcud olduğu, fərqli dünyagörüşlərinin bir arada yaşadığı ölkədir. Belə şəraitdə məktəb yaşlı uşaqların geyim seçimləri yalnız fərdi məsələ kimi deyil, həm də məktəbdəki münasibətlərə və ümumi təhsil mühitinə təsiri baxımından nəzərdən keçirilməlidir.
Əgər söhbət Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarından və 21 sentyabr 2026-cı il tarixli dəyişiklikdən gedirsə, bu addımı məktəblərdə ümumi geyim qaydalarının tənzimlənməsi kontekstində qiymətləndirmək olar. Burada əsas diqqət dini, siyasi və submədəni elementlərin məktəbli geyimində ifadə olunmasının məhdudlaşdırılmasına yönəlir. Hesab edirəm ki, vahid məktəbli formasının tətbiqi dərsin keyfiyyətinə və şagirdlərin bir-birinə münasibətinə müsbət təsir göstərə bilər. Bu, onlar arasında daha etibarlı münasibətlərin formalaşmasına, eləcə də dünyəvilik və inklüzivlik prinsiplərinin qorunmasına xidmət edə bilər.
Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir. Bu baxımdan ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi təhsil prosesinin təşkili və məktəb mühitində ümumi davranış normalarının qorunması kontekstində nəzərdən keçirilməlidir. Bununla yanaşı, xüsusi tədbirlərdə və bayram günlərində milli geyim elementlərindən istifadə olunması da mümkündür”.
Sosioloq qeyd edib ki, vahid məktəbli formasına keçid inklüzivliyin təmin edilməsi və müxtəlif sosial təbəqələrdən olan şagirdlər arasında bərabər münasibətlərin formalaşdırılması baxımından da əhəmiyyətlidir:
“Bu yanaşma şagird-müəllim münasibətlərinin daha ahəngdar formalaşmasına da təsir göstərir. Çünki müəllimlər üçün də müəyyən geyim qaydaları nəzərdə tutulur. Düzdür, burada vahid geyim forması deyil, daha çox səliqəli və işgüzar geyim tərzini əhatə edən dress-kod tələblərindən söhbət gedir.
Dünyanın bir çox ölkəsində şagirdlərin vahid geyim formasına keçməsi ilə bağlı fərqli baxışlar və yanaşmalar mövcuddur. Bəzi ölkələrdə bu təcrübə fərdi seçim imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Buna görə də həmin ölkələrdə vahid məktəbli forması əvəzinə, şagirdlər üçün ümumi geyim qaydalarını müəyyənləşdirən dress-kodlardan istifadə olunur. Bununla belə, hesab edirəm ki, Azərbaycan kimi müxtəlif dini konfessiyaların və submədəniyyətlərin mövcud olduğu ölkələrdə məktəbli geyiminə dair vahid qaydaların müəyyənləşdirilməsi məktəb mühitinin təşkili baxımından əhəmiyyət daşıyır.
Bu məsələ dünyəvilik və inklüzivlik prinsipləri ilə də əlaqəlidir. Lakin vahid məktəbli formasının tətbiqi şagirdlərin dini baxışlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Məktəbdənkənar mühitdə hər kəs öz geyim tərzini seçməkdə və dini, siyasi, eləcə də submədəni baxışlarını ifadə etməkdə sərbəstdir. Azərbaycanda tolerantlıq və fərqli baxışlara hörmət prinsipləri mövcuddur.
Hesab edirəm ki, vahid məktəbli forması, ilk növbədə, ümumtəhsil müəssisələrində dərsin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin diqqətinin tədris prosesinə yönəldilməsi və müəllim-şagird münasibətlərinin daha ahəngdar qurulması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu yanaşma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərdə məktəb kimliyinin formalaşmasına, onların davranış normalarına və ümumi intizam qaydalarına daha yaxşı uyğunlaşmasına şərait yarada bilər. Buna görə də Nazirlər Kabinetinin qərarını təqdirəlayiq hesab edirəm və valideynlərin də bu məsələdə hökumətin qərarını dəstəkləməsini məqsədəuyğun sayıram”.
//Gülnarə Abasova, Editor.az

