Deputat: “Repetitorsuz ali məktəbə qəbul olmaq tamamilə mümkündür”backend

Deputat: “Repetitorsuz ali məktəbə qəbul olmaq tamamilə mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali məktəblərə qəbul imtahanları dövründə repetitor hazırlığı ilə bağlı müzakirələr yenidən aktuallaşır. Valideynlərin əhəmiyyətli hissəsi repetitor dəstəyini uğurun əsas şərtlərindən biri hesab etsə də, mütəxəssislər məktəbdə keyfiyyətli tədris və düzgün planlaşdırılmış hazırlıqla da yüksək nəticə əldə etməyin mümkün olduğunu bildirirlər. Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov repetitorluğun təhsil sistemində yaratdığı problemlərə diqqət çəkərək, bu istiqamətdə maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a bildirib ki, repetitor yanına getmədən uğur qazanmağın mümkün olmadığı barədə formalaşan fikirlər daha çox stereotip xarakteri daşıyır:

“Çoxlu nümunələr var ki, şagirdlər heç bir müəllim yanına getmədən də öz məqsədlərinə, hədəflərinə nail ola bilirlər. Yəni ali məktəblərə qəbul olunurlar. Bu gün bununla bağlı kifayət qədər nümunə mövcuddur.

O baxımdan repetitorsuz ali məktəbə qəbulun qeyri-mümkün olduğunu demək düzgün deyil. Mən hesab edirəm ki, bu mümkündür. Sadəcə, maarifləndirmə və təbliğat işləri davamlı aparılmalı, insanlarla görüşlər və müxtəlif tədbirlər vasitəsilə cəmiyyət bu məsələdə məlumatlandırılmalıdır.

Ümumiyyətlə, repetitorluq təhsil sistemimizin ən ciddi problemlərindən biridir və bu məsələ öz həllini tapmalıdır. Dövlətin bu işlə birbaşa məşğul olmasını da doğru hesab etmirəm. Düşünürəm ki, repetitorluğun fəaliyyət göstərməsi üçün müəyyən şərait yaradıla bilər.

Eyni zamanda, repetitor yanına getmədən uğur qazanan şagirdlərin nümunələrinin daha geniş təbliği və maarifləndirmə yolu ilə bu prosesə töhfə vermək mümkündür. Lakin repetitorluğu tamamilə ləğv etmək də real görünmür. Bununla yanaşı, repetitorsuz uğur qazanmağın qeyri-mümkün olduğu barədə fikirlər həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu məsələ ətrafında ciddi düşünməliyik”.

//Gülnarə Abasova, Editor.az