Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağını açıqlayıb.
Onun səlahiyyət müddəti normal qaydada 2027-ci ilin oktyabrında başa çatmalı idi. Beləliklə, Avropa İttifaqı rəhbərliyi bankın yeni prezidentini əvvəlcədən müəyyənləşdirmək imkanı əldə edəcək.
Laqardın vaxtından əvvəl ayrılması Avropanın iqtisadi çətinliklərlə üzləşdiyi dövrə təsadüf edir. Enerji qiymətlərindəki artım inflyasiya risklərini gücləndirir, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi isə hökumətlərin, şirkətlərin və ev təsərrüfatlarının borclanma xərclərini artırır.
Yeni rəhbərin qarşısında əsas vəzifələrdən biri qiymət sabitliyini qorumaqla yanaşı, iqtisadi artıma mənfi təsirləri məhdudlaşdırmaq olacaq. AMB-nin rəhbərliyindəki dəyişiklik xüsusilə Fransa və digər Avropa ölkələrində iqtisadi siyasətlə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda baş verir.
Reuters və AP-nin məlumatına görə, Laqardın varisinin seçilməsi prosesi artıq gündəmdədir. Namizədlər arasında Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knotun və Beynəlxalq Hesablaşmalar Bankının rəhbəri Pablo Hernandes de Kosun adları çəkilir.
//Samir Qurbanov, Editor.az

