Avropa İttifaqı və Kanada ticarət, müdafiə, enerji, süni intellekt və kritik xammal sahələrində əməkdaşlığı genişləndirməyə çalışır.
Monrealda keçirilən 29–30 oktyabr sammiti tərəflərin münasibətlərini yeni strateji səviyyəyə yüksəltmək səylərinin mühüm mərhələsi hesab olunur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Aİ ilə daha sıx əlaqələr qurması və mümkün “assosiativ üzvlük” modelini müzakirə etməsi ideyasını irəli sürüb. Lakin bu təklif Avropa ölkələri arasında fikir ayrılığı yaradıb. Almaniya və Fransa kimi dövlətlər hüquqi baxımdan dəqiq müəyyənləşdirilməmiş belə bir statusun hansı səlahiyyətlər verəcəyinə dair suallar qaldırıblar.
Kanadanın Baş naziri Mark Karni isə ölkəsinin Avropa İttifaqına tam üzvlük əldə etmək niyyətində olmadığını bildirib. Ottavanın əsas məqsədi ticarət əlaqələrini şaxələndirmək, müdafiə imkanlarını gücləndirmək və ABŞ bazarından asılılığı azaltmaqdır.
ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti fonunda Kanada yeni iqtisadi tərəfdaşlıqlar axtarır. Bununla belə, Avropa ilə yaxınlaşmanın Vaşinqtonla münasibətlərə necə təsir edəcəyi hələ açıq sualdır. Tərəflərin ortaq bəyanatında “assosiativ üzvlük” ifadəsi əvəzinə daha sıx tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində işin davam etdirilməsi nəzərdə tutulub.
//Samir Qurbanov, Editor.az

