Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARIbackend

Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” MTK-sının özbaşına, saxta alqı-satqı müqaviləsi əsasında özəl əmlakı sökməsinə görə cinayət işi başlanıb. Bakı şəhər prokurorunun göstərişinə əsasən, cinayətin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunub.

Azərbaycan vətəndaşı, iş üzrə zərərçəkən Naiq Məmmədhəsənov Su Nəqliyyatında Polis İdarəsinə dəvət olunub. İdarə rəhbərliyi ona bildirib ki, şikayəti obyektiv şəkildə araşdırılacaq, özəl mülkiyyətinin saxta sənədlər əsasında dağıdılıb yerlə-yeksan edilməsində iştirak edən şəxslərin dairəsi müəyyən olunacaq və bütün günahkarlar cəzalandırılacaqlar.

Söhbət Bakının mərkəzində, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manatdan artıq olan özəl mülkiyyətdən gedir.

(əvvəli burada)

Əsabil Qasımovun ətrafı məhkəmələrə yalan məzmunlu məktublar yazır, cəzasız qalır

Əmlakların təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi ilə bağlı işə baxan Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva “Azər-Tikinti” MTK-dan mövcud vəziyyət barədə məlumat istəyib. MTK-nın İdarə Heyətinin sədri Mətin Əmiraslanov məhkəməyə və ƏSF-na göndərdiyi cavab məktublarında müqavilə üzrə öhdəliklərin tam icra olunduğu, 170 kvadratmetrlik qeyri-yaşayış sahəsinin və 226 kvadratmetrlik 2 mənzilin tam təmirli şəkildə Naiq Məmmədhəsənova təhvil verildiyi haqda yalan məlumat verməkdən çəkinməyib!

Əgər əmlaklar həqiqətən təhvil verilibsə, bu faktı təsdiqləyən ikitərəfli qəbul-təhvil aktları, açarların daimi təhvil verilməsini göstərən sənədlər və digər müvafiq sübutlar olmalıdır. Mülkiyyətçilər, həmçinin əmlakların üçüncü şəxslərə satılması ilə bağlı iddiaların araşdırılmasını, dövlət reyestrindəki məlumatların MTK-nın məktubları ilə üzləşdirilməsini tələb edirlər. Əgər MTK müqavilə üzrə əmlakları tam təmirli şəkildə təhvil veribsə, kirayə haqqının ödənilməsi ilə bağlı məhkəmə qərarları və icra sənədləri hansı əsasla qüvvədə qalıb?

Məhkəmədən disk oğurlandı, yenə də kimsə cəzalandırılmadı!

Araşdırmamız zamanı o da bəlli oldu ki, mülkiyyətçinin iddiası üzrə məhkəmə çəkişməsi (İş № e-2(006)-3149/2024) çərçivəsində, 19 avqust 2024-cü ildə MTK-nın qeyd olunan ünvanda inşa etdiyi binaya yerli baxış keçirilib. Həmin vaxt Mətin Əmiraslanovun məhkəməyə və ƏSF-na yalan məlumat verməsi təsdiq olunub!

Belə bir halda, işdə yerli baxış haqda videoçəkilişin saxlanıldığı disk ola-ola məhkəmənin iddianı təmin etməkdən başqa yolu qalmadığından daha bir cinayətə əl atılıb! Hakim Həbibə Miriyevanın iştirakı ilə keçirilmiş yerli baxış zamanı aparılmış videoçəkilişin saxlanıldığı disk iş materiallarından oğurlanıb və boş disklə əvəz olunub! Məhkəmə sənədlərində guya MTK tərəfindən mülkiyyətçiyə açarların təhvil verilməsi ilə bağlı audio-video baxış aktına istinad edilsə də, diskdə müvafiq görüntülər olmayıb. Mülkiyyətçinin məhkəmə prosesində sübutların tamlığı və qorunması baxımından məsələnin ciddi araşdırılması tələbi də hələ ki yerinə yetirilməyib. Bu məsələ araşdırılmadan məhkəmənin əmlakların təhvil verilməsi ilə bağlı nəticəyə gəlməsi böyük suallar yaradır.

Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın qəbul etdiyi qətnamədə bir sıra mühüm hallar araşdırılmayıb.

İkitərəfli qəbul-təhvil aktının olub-olmaması, açarların daimi təhvili, əmlakların təmirli vəziyyəti, kirayə haqqı aktları, ipoteka əmlaklarının icazəsiz özgəninkiləşdirilməsi, 61 ay ərzində dəymiş ziyan və Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə istinadən cinayət əlamətləri ilə bağlı vəsatətlərə baxılmayıb. Hətta ödənilmiş dövlət rüsumu belə düzgün hesablanmayıb!

Qasımovun vəkili “işlə tanış deyiləm” dedi, Günay Axundova rekord şübhəli qərar verdi

Hakim Həbibə Miriyevanın qərəzli qətnaməsinin ləğvi üçün mülkiyyətçilərin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətə hakim Günay Axundova baxıb. Apellyasiya baxışı zamanı şikayətçinin qaldırdığı əsas məsələlərə yenə də hüquqi qiymət verilməyib.

Məhkəmə iclası elə hazırlıq iclasında bitib!

Günay Axundova hətta Əsabil Qasımovun MTK-sının vəkili işin halları ilə tam tanış olmadığını, növbəti iclasda cavab verəcəyini söyləyib. Hakim onu əhəmiyyət verməyib, müşavirə otağına gedib. Və məhkəmə tarixində görünməmiş özbaşınalığa əl atıb. Bütünlüklə ləğvi tələb olunan qətnaməni heç bir araşdırma aparmadan, müşavirə otağında cəmi 5 dəqiqə dayanandan sonra qayıdaraq elan edib!
Normalda hazırlığı ən azı 2 saat çəkəcək bir qətnamənin 5 dəqiqəyə elan edilməsi, hakimin onu əvvəldən hazırladığı fikrini möhkəmləndirir.

Maraqlıdır ki, iş üzrə ədalətsiz qətnamələrin heç birində şikayətdə qaldırılan əsas məsələlərə əsaslandırılmış cavab verilmir, işdəki halların bir-biri ilə ziddiyyət təşkil etməsinə aydınlıq gətirilmir. Günay Axundovanın çıxardığı ədalətsiz qətnamə də istisna olmayıb.

İşdə diqqət çəkən digər mühüm məqam Günay Axundovanın qətnaməsinin 34-cü səhifəsinin 81-ci abzasında hakim Fuad Talışinskinin 2(103)-425-2023 saylı qətnaməsinə istinad edilməsidir. Həmin hissədə 85 kvadratmetrlik zirzəmi sahəsinin satışı, onun vahid əmlak kimi 155.7 kvadratmetr təşkil etməsi və satış qiyməti ilə bağlı əvvəlki işdə müəyyən edilmiş hallardan bəhs olunur. Yəni əvvəlki işdəki şübhəli nəticələr sonrakı mübahisənin predmetinə uyğun hüquqi təhlil aparılmadan birbaşa tətbiq edilib.

Bakının mərkəzində kvadratı 1600 manata bir qarış yer var?

Nəhayət, 2026-cı ildə başlanmış cinayət işi çərçivəsində Əsabil Qasımovun göstərişi ilə saxta sənədlər əsasında sökülmüş 85 kvadratmetrlik özəl mülkiyyətin yenidən qiymətləndirilməsi baş tutub. İstintaq zamanı sahənin bazar dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib. Ekspertin rəyinə görə, 2025-ci ildə həmin ərazidə 1 kvadratmetrin minimum orta bazar qiyməti 9 min 500 – 15 min manat aralığında müəyyən edilib.

Bu rəqəmlər 2022-ci ildəki 1 600 manatlıq göstərici ilə müqayisədə kəskin fərq yaradır. 2016-cı ildə özəl əmlakın bir kvadratmetri 5 min 186 manat qiymətləndirildiyi halda, 2022-ci ildə bu rəqəmin 1 600 manata düşməsi kimin marağında olub? Məhkəmələr, onların rəyinə istinad etdikləri ekspert niyə israrla MTK-nın mövqeyində dayanıb?

Maraqlıdır ki, məhkəmə materiallarında 11 aprel 2025-ci il tarixli 1 milyon 55 min manatlıq pul vəsaitinin təhvil-təslim aktı var. Həmin akta görə göstərilən vəsait zirzəmidə yerləşən 170 kvadratmetrlik qeyri-yaşayış sahəsinə görə iş adamına MTK tərəfindən ödənilib. Bu məbləği 170 kvadratmetrə böldükdə 1 kvadratmetr üçün təxminən 6 min 206 manat alınır ki, bu da 2016-cı ildəki 5 min 186 manatlıq qiymətləndirməyə çox yaxındır. Ona görə də mülkiyyətçi 2016, 2022 və 2025-ci illərin rəqəmləri arasındakı fərqin dərindən araşdırılmasını tələb edir.

Cinayət işində başqa bir epizod da yer alır. MTK nümayəndəsi Ramilə Bağırova zirzəmi sahəsinin 170 kvadratmetr olduğunu təsdiqləyərək, onun başqa şəxsə satıldığını deyib. Lakin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin, ərazi üzrə sahə müvəkkilinin, mülkiyyətçinin və hal şahidlərinin iştirakı ilə aparılmış baxış zamanı sahənin 170 deyil, 85 kvadratmetr olduğu və heç bir təmir işinin aparılmadığı müəyyən edilib.

Mübahisənin əsas düyünlərindən biri “Azər-Tikinti” MTK-nın öhdəliklərin tam yerinə yetirildiyini iddia etməsi ilə mülkiyyətçilərin əmlakları faktiki təhvil almadıqlarını bildirmələri arasındakı ziddiyyətdir.

Ortada bu ziddiyyətin həlli üçün kifayət qədər sübut var:
-21 dekabr 2018-ci il tarixli “Razılaşma” müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar, ƏSF-nin ipoteka və yüklülüyün ləğvi sənədləri, alqı-satqı müqavilələri və ödəniş sənədləri, kirayə haqqı üzrə məhkəmə qətnamələri və icra vərəqələri, 19 avqust 2024-cü il tarixli yerli baxış protokolu, 11 aprel 2025-ci il tarixli pul təhvil-təslim aktı, 24 oktyabr 2025-ci il tarixli 16(006)-489/2025 saylı qərardad və 2 dekabr 2025-ci il tarixli apellyasiya qərardadı və ən nəhayət, 2026-cı ildə başlanmış 260070465 saylı cinayət işinin materialları.

Bütün bu sənədlər nəzərə alınmaqla Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın və Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın qəbul etdiyi aktların qanuniliyi yoxlanılmalı, ziddiyyətli sənədləri üzləşdirməyən hər iki hakimin hərəkətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən hüquqi qiymət verilməlidir.

Zərərçəkmişlər sabiq deputat Əsabil Qasımovun da istintaqa cəlb olunmasını tələb edirlər. Çünki “Azər-Tikinti” MTK-nın rəhbərliyi birbaşa onunla əlaqəlidir və mühüm qərarlar onun göstərişləri ilə qəbul olunub. Mülkiyyətçilər Baş Prokurorluqdan saxta müqavilələr, sökülən 85 kvadratmetrlik obyekt, qiymətləndirmə fırıldaqları və qanunsuz özgəninkiləşdirmə faktları üzrə araşdırmanın tam aparılmasını istəyirlər. Onlar hazırda işin həvalə olunduğu Su Nəqliyyatında Baş Polis İdarəsində obyektiv ədalətin bərqərar olacağına ümid edirlər.