“Son dövrlərdə Ermənistanda baş verən seçki prosesi regionun ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib. Bunun səbəbi aydındır. Artıq söhbət yalnız bir ölkənin vətəndaşlarının seçim etmək hüququndan və ya gələcək siyasi kursunu müəyyənləşdirməsindən getmir. Bu seçki faktiki olaraq Qərblə Rusiya arasında təsir uğrunda mübarizənin növbəti mərhələsinə çevrilib. Başqa sözlə, Ermənistan bu dəfə də avro ilə rubl arasında seçim etməyə çalışan siyasi meydan təsiri bağışlayır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, seçki kampaniyası ərzində müxtəlif mənzərələrin şahidi olduq:
“Tarixi faktların təhrif edilməsi, populist çıxışlar, reallıqdan uzaq vədlər, ziddiyyətli bəyanatlar və siyasi manipulyasiyalar gündəmi zəbt etdi. Daha diqqətçəkən məqam isə o oldu ki, namizədlər və siyasi qüvvələr ölkənin sosial-iqtisadi problemlərini və vətəndaşların gələcəyini müzakirə etmək əvəzinə, yenə də Azərbaycan amilini kampaniyanın əsas mövzularından birinə çevirdilər. Görünür, cəmiyyətin diqqətini cəlb etmək üçün başqa təsirli vasitə tapılmamışdı”.
* Ermənistanda seçki pozuntuları ilə bağlı 14 nəfər saxlanılıb
“Bu mənzərə bir daha göstərir ki, Ermənistan siyasi elitası və cəmiyyətinin müəyyən hissəsi hələ də gələcəyə müstəqil baxış formalaşdırmaqda çətinlik çəkir. Baxışlar ya keçmişə yönəlir, ya da regionda daha uğurlu nəticələr əldə edən Azərbaycanın üzərində cəmlənir. Səsvermə günü də qalmaqallardan yan keçmədi. Seçki prosesində müxtəlif qanun pozuntuları barədə məlumatlar yayıldı. Bəzi hallarda seçicilərin pulla ələ alınmasına dair iddialar səsləndirildi, bəzi bölgələrdə isə hüquq-mühafizə orqanlarının müdaxiləsi və həbslər qeydə alındı. Bu barədə məlumatları Azərbaycan deyil, Ermənistanın öz rəsmi qurumları açıqladı. Ermənistan Daxili İşlər Nazirliyi seçki günü pozuntularla bağlı çoxsaylı siqnallar daxil olduğunu bildirdi. Günün ilk yarısında artıq altı nəfərin saxlanıldığı, həmçinin iki seçki məntəqəsi sədrinin və bir katibin məsuliyyətə cəlb edildiyi açıqlandı”, – analitik vurğulaylb.
* Ermənistanda iki seçki komissiyası sədri və katibi saxlanıldı
O, diqqətçəkən əsas məsələnin pozuntuların özü deyil, onlara göstərilən münasibət olduğunu deyib:
“Adətən regiondakı proseslərə həssas yanaşdığını iddia edən Avropa institutlarının bu hadisələr fonunda olduqca səssiz qalması suallar doğurur. Əslində, bu artıq təəccüb yaratmır. Azərbaycanda ən kiçik hadisəyə belə sərt reaksiya verən dairələrin Ermənistanda baş verən qanun pozuntularına münasibətdə susqunluq nümayiş etdirməsi yeni hal deyil. Təcrübə göstərir ki, bəzi dairələr demokratiya və şəffaflıq məsələlərini daha çox siyasi maraqlarına uyğun gəldiyi zaman gündəmə gətirirlər. Halbuki Ermənistanda seçki prosesi ilə bağlı səslənən iddialar hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. Bu istiqamətdə beynəlxalq müşahidə missiyaları və müxtəlif təşkilatlar da prinsipial mövqe ortaya qoymalıdırlar. Eyni zamanda, seçki prosesinə xarici təsir imkanları, o cümlədən Rusiyaya yaxın qüvvələrin mümkün müdaxiləsi barədə iddialar da ciddi araşdırma tələb edir. Əgər demokratik prinsiplər həqiqətən universal dəyər hesab olunursa, onda bu prinsiplər bütün ölkələrə münasibətdə eyni şəkildə tətbiq edilməlidir”.


