Rusiya-Ukrayna müharibəsində Kreml üçün növbəti ağır itki baş verib və Putinin şəxsən tanıdığı, rəğbət bəslədiyi məşhur rusiyalı hərbçi Naran Oçir-Qoryayev cəbhədə öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov rəsmi şəkildə elan edib.
Rusiya mediasının yaydığı məlumatlara görə, Kalmıkiya əsilli Oçir-Qoryayev 2022-ci ildən bəri Ukraynaya qarşı döyüş əməliyyatlarında aktiv şəkildə iştirak edib. O, xüsusilə Soledar və Seversk istiqamətində gedən ağır, qanlı döyüşlərdə fərqləndiyinə görə “Rusiya Qəhrəmanı” fəxri adına layiq görülmüşdü.
Məhv edilən hərbçinin adı Rusiya ictimaiyyətinə həm də Kremlin xüsusi təbliğat layihələrindən tanış idi. Belə ki, 2025-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin şəxsən Oçir-Qoryayevi qəbula çağırıb və onu xüsusi olaraq dəvət etmişdi. Rusiya KİV-lərinin yazdığına görə, Putin ondan Ukraynanın Donetsk vilayətində yerləşən Seversk şəhərinin “azad edilməsi” əməliyyatının təfərrüatlarını şəxsən dinləmək istəmişdi. Lakin Kremlin böyük ümidlər bəslədiyi və qəhrəman statusu verdiyi həmin hərbçinin döyüş yolu Ukrayna cəbhəsində birdəfəlik kəsilib.


