Alimlər müəyyən ediblər ki, musiqi ilə məşğul olmaq, səyahət etmək və aktiv sosial həyat sürmək demensiya riskinin azalmasına müsbət təsir göstərə bilər. Araşdırmaya görə, xüsusilə orta yaş dövründə zehni fəaliyyəti stimullaşdıran məşğuliyyətlər beynin yaddaş funksiyalarını qorumaqda mühüm rol oynayır.
Editor.az xəbər verir ki, İrlandiyanın Trinity College Dublin alimləri tərəfindən aparılan tədqiqat “Alzheimer’s & Dementia” jurnalında dərc olunub. Tədqiqat çərçivəsində yaşı 40-59 arasında dəyişən 587 sağlam insanın məlumatları təhlil edilib. İştirakçıların bir hissəsində Alzheimer xəstəliyinə genetik meyllilik də qeydə alınıb.
Araşdırma zamanı alimlər yüksək təzyiq, diabet, piylənmə, depressiya, siqaret çəkmə və baş travmaları kimi risk faktorları ilə yanaşı, beynin “kognitiv ehtiyatını” gücləndirən fəaliyyətləri də qiymətləndiriblər. Bu fəaliyyətlərə idman, kitab oxumaq, xarici dil öyrənmək, musiqi alətində ifa etmək, yaradıcılıq, səyahət və yaxın insanlarla ünsiyyət daxildir.
Nəticələr göstərib ki, müxtəlif zehni və sosial fəaliyyətlərlə məşğul olan şəxslərdə yaddaş və diqqət göstəriciləri daha yüksək olub. Mütəxəssislər bildiriblər ki, bu müsbət təsir hətta Alzheimer xəstəliyinə genetik meylliliyi olan insanlarda belə müşahidə edilib.
Tədqiqat rəhbəri Lorina Naci qeyd edib ki, alimlər fiziki aktivliyin faydalı olacağını gözləsələr də, musiqi, ünsiyyət və səyahət kimi gündəlik fəaliyyətlərin orta yaşlardan etibarən beyin funksiyalarını bu qədər güclü şəkildə dəstəkləməsi onlar üçün gözlənilməz olub.
Araşdırmada ən mənfi təsir göstərən amillər isə depressiya və kəllə-beyin travmaları hesab olunub. Alimlər vurğulayıblar ki, beynin qorunması üçün yalnız bir vərdiş deyil, fiziki, sosial və intellektual fəaliyyətlərin birlikdə tətbiqi vacibdir.
//Gülnarə Abasova, Editor.az


