Bananın səhər yeməyi üçün ideal seçim olduğu tez-tez düşünülür. Hazırlanmasına ehtiyac olmaması və aclığı tez aradan qaldırması bu meyvəni xüsusilə rahat qida seçiminə çevirir. Lakin həkimlərin fikrincə, günün ilk qidası kimi yalnız bananla kifayətlənmək əksər insanlar üçün optimal seçim hesab edilmir.
Editor.az xəbər verir ki, endokrinoloq Yelizaveta Zolotovanın sözlərinə görə, bananın tərkibində əsasən karbohidratlar, o cümlədən təbii şəkərlər və nişasta üstünlük təşkil edir. Bununla yanaşı, meyvədə zülal və yağların miqdarı nisbətən azdır.
Mütəxəssis qeyd edib ki, yalnız banandan ibarət səhər yeməyindən sonra qanda qlükozanın səviyyəsi sürətlə yüksələ, daha sonra isə nisbətən tez aşağı düşə bilər. Nəticədə insan bir-iki saat sonra yenidən aclıq hiss edə, diqqətini toplamaqda çətinlik çəkə və şirin qidalara meyl göstərə bilər.
Bu vəziyyət xüsusilə yetişmiş bananlarda daha qabarıq müşahidə oluna bilər. Meyvə yetişdikcə tərkibindəki sadə şəkərlərin miqdarı artır və onlar orqanizm tərəfindən daha sürətlə mənimsənilir. İnsulin müqaviməti, prediabet və ya şəkərli diabeti olan şəxslərdə isə belə səhər yeməyi qanda qlükoza səviyyəsində daha kəskin dəyişikliklərə səbəb ola bilər.
Həkimin sözlərinə görə, bananın digər çatışmazlığı onun kifayət qədər zülal ehtiva etməməsidir. Zülal uzun müddət toxluq hissinin qorunmasına, əzələ toxumasının dəstəklənməsinə və orqanizmin amin turşuları ilə təmin olunmasına kömək edir. Buna görə də mütəmadi olaraq səhər yeməyində yalnız meyvə qəbul etmək gün ərzində tez acmağa və daha çox qida qəbul etməyə səbəb ola bilər.
Bununla belə, mütəxəssis banandan tamamilə imtina etməyə ehtiyac olmadığını vurğulayıb. Banan kalium, B6 və C vitaminləri, eləcə də qida lifləri ilə zəngin faydalı məhsuldur.
Həkim bananı zülal və faydalı yağ mənbələri ilə birlikdə qəbul etməyi tövsiyə edir. Məsələn, bananı təbii yoqurt və ya kəsmiklə, yumurta, qoz-fındıq və yaxud yulaf sıyığı ilə birlikdə yemək daha balanslı səhər yeməyi hesab oluna bilər.
Mütəxəssisin fikrincə, problem bananın özündə deyil. Əsas məsələ bu meyvənin səhər yeməyində yeganə qida olmamasıdır. Balanslaşdırılmış qidalanmanın tərkibində banan orqanizm üçün faydalı enerji mənbəyi ola bilər, lakin günə yalnız bir bananla başlamaq əksər insanlar üçün ən optimal seçim sayılmır.
//Gülnarə Abasova, Editor.az

