ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş vəsaitlərinin Tehranın razılığı olmadan istifadəyə yönəldilməsi təklifini dəstəkləyən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidi İran hökuməti tərəfindən qadağan ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İran ordusunun rəsmisi Ebrahim Zülfüqari məlumat verib.
Xatırladaq ki, iyulun 27-də Tramp Qərb dövlətləri tərəfindən dondurulmuş İran vəsaitlərindən Tehranın razılığı olmadan istifadə etmək niyyətində olduğunu yenidən bəyan edib. O bildirib ki, həmin vəsaitlər İranın Hörmüz boğazında gəmiçiliyə vurduğu zərərin kompensasiyasına yönəldilməlidir.
Ebrahim Zülfüqari videomüraciətində bunları deyib:
“Trampın təşəbbüsünə qoşularaq İranın bloklanmış vəsaitlərindən bu məqsədlə istifadə edəcək bütün dövlətlərə və şirkətlərə bildiririk ki, həmin andan etibarən İran ordusu onların gəmilərinin Hörmüz boğazından keçidinə qətiyyən icazə verməyəcək”.

