ABŞ Liviyada səfirliyini yenidən açmağa hazırlaşır. Bu addım ölkədəki siyasi parçalanmanın aradan qaldırılması və dövlətin iki hissəyə bölünmüş institutlarının birləşdirilməsi istiqamətində diplomatik səylərin bir hissəsi kimi qiymətləndirilir.
Editor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi Rusiyanın «Kommersant» qəzetinə bildirib ki, Vaşinqton Liviyanın siyasi, iqtisadi və təhlükəsizlik institutlarının birləşdirilməsi istiqamətində səyləri dəstəkləyir. Onun sözlərinə görə, bu, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə imkan verə bilər.
Nümayəndə qeyd edib ki, Tripolidə diplomatik kompleksin yaradılması ABŞ hökumətinin Liviyaya səfərlərinin intensivliyini artırmağa, eyni zamanda lazımi təhlükəsizlik səviyyəsini qorumağa imkan verəcək.
ABŞ Dövlət Departamenti iyulun 20-də Konqresə göndərdiyi xüsusi bildirişdə də səfirliyin açılmasının ABŞ-ın Liviyadakı maraqlarını qorumağa imkan verəcəyini vurğulayıb. Sənəddə ölkədəki qeyri-sabitliyin, xüsusilə Rusiyanın bölgədəki fəallığının ABŞ və onun Şimali Afrikadakı müttəfiqlərinin maraqları üçün çağırış yaratdığı qeyd olunub.
ABŞ Tripolidəki səfirliyini 2014-cü ilin iyulunda, silahlı qruplaşmalar arasında toqquşmaların kəskinləşməsindən sonra bağlamışdı. Hazırda ABŞ-ın Liviyadakı diplomatik nümayəndəliyi Tunisdə yerləşir və Dövlət Departamentinin Liviyadakı xarici ofisi kimi fəaliyyət göstərir.
Liviyada hazırda faktiki olaraq ikihakimiyyətlilik mövcuddur. Ölkənin qərbində yerləşən Tripolidə BMT tərəfindən dəstəklənən və Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi Milli Birlik Hökuməti fəaliyyət göstərir. Şərqdəki Tobruk şəhərində isə Nümayəndələr Palatası fəaliyyət göstərir.
Liviyanın şərq hissəsinə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu nəzarət edir. Haftarın Kreml ilə yaxın münasibətlərinin olduğu bildirilir. O, 2023 və 2025-ci illərdə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
ABŞ-ın səfirliyi bərpa etmək qərarı Vaşinqtonun Liviyadakı diplomatik və siyasi fəallığını artırmaq, həmçinin ölkədəki təsir imkanlarını gücləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.
//Gülnarə Abasova, Editor.az

