Viktor Orbanın Avropa İttifaqının gələcəyi ilə bağlı açıqlamaları birlik daxilində islahatlar, qərar qəbuletmə mexanizmləri və institusional səlahiyyətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələri daha da aktuallaşdıra bilər. Belə fikirlər Aİ-nin gələcək inkişaf istiqamətləri, üzv dövlətlərin milli maraqları ilə ümumi Avropa siyasəti arasındakı balans və qurumun dəyişən geosiyasi reallıqlara uyğunlaşma qabiliyyəti ətrafında fikir ayrılıqlarını dərinləşdirə bilər. Bununla yanaşı, Aİ daxilində islahatların zəruriliyi ilə bağlı ortaq mövqenin formalaşdırılması qurumun uzunmüddətli dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, istənilən beynəlxalq təşkilatın zaman-zaman özünü yeniləməsinə ehtiyac var:
“Bütün beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərin daim hərəkətdə olduğunu nəzərə almalıdır. Dövlətlər arasında daimi dəyişiklik prosesləri getdiyinə görə, beynəlxalq təşkilatlarda da mütəmadi islahatların aparılması zəruridir. Əgər bu olmasa, beynəlxalq təşkilat Orbanın dediyi kimi, heç də ani olaraq məhvə gəlib çıxmasa da, fəaliyyəti zəifləyə və cari proseslərdən geridə qala bilər.
Ümumiyyətlə, XX əsrdə heç bir beynəlxalq təşkilat öz-özünə məhv olub sıradan çıxmayıb. Hər bir beynəlxalq təşkilatın ciddi problemləri var — BMT-dən tutmuş Avropa Birliyinə qədər, Avropa Birliyindən tutmuş NATO-ya qədər, ATƏT və Avropa Şurasına qədər bütün beynəlxalq təşkilatların problemləri var. Və indiyə qədər hələ heç bir beynəlxalq təşkilat öz-özünə dünya səhnəsini tərk edib getməyib. O cümlədən, Avropa Birliyinin ani olaraq səhnədən silinib gedəcəyini düşünmək, mənə elə gəlir ki, ciddi siyasətçilərin dilindən çıxan sözə bənzəmir.
Ona görə də Avropa Birliyi də bir beynəlxalq təşkilat olaraq daim özünün təkmilləşdirilməsi üzərində işləməlidir. Xüsusilə də siyasətindəki ikili standartlar, müəyyən lobbi təsirlərinin altına düşmək, müəyyən milli və yaxud siyasi lobbilərin təsiri altında qərarlar qəbul etmək, ikili standartlı siyasət aparmaq kimi halların qarşısını almaq üçün islahatların aparılmasına ehtiyac var”.
Onun sözlərinə görə, Orbanın fəaliyyətində və baxışlarında Avropa Birliyinə qarşı müəyyən əsassız yanaşmalar da var:
“Çünki Orban Macarıstanın illər boyu Avropa Birliyinin daxilində tam səlahiyyətli üzv kimi fəaliyyət göstərməsinə imkan vermədi. Bu təşkilatın üzvü olmaq başqa, təşkilatın üzvü olduqdan sonra isə öz şəxsi ambisiyalarına qapılmaq başqa bir şeydir.
Məsələn, Orbanın Avropa Birliyinin üzvü olduğu halda, Avropa Birliyinin xarici siyasət xəttinə zidd addımlar atmağa cəhd göstərməsi, əlbəttə, normal deyildi. Avropa Birliyi, pis-yaxşı, bir təşkilat olaraq Rusiya ilə qarşıdurma vəziyyətində idi. Belə bir şəraitdə Orbanın Avropa Birliyinin xəttinə zidd olaraq Rusiya ilə yaxşı münasibətlər saxlaması, əlbəttə, normal şey deyildi. Demək istəmirəm ki, Macarıstan rəhbəri öz dövlətinin mənafelərinə uyğun hərəkət etməməli idi, xeyr. Əgər Avropa Birliyinin üzvü olaraq qalmaq Macarıstanın mənafelərinə zidd siyasət aparmağa gətirib çıxarırdısa, yaxşı olardı ki, birinci növbədə Avropa Birliyindən çıxaydı və ondan sonra Avropa Birliyinin siyasətindən fərqli siyasət aparardı.
Həm Avropa Birliyinin üzvü olmaq, həm də Avropa Birliyinin üzvü ikən Rusiya ilə hərtərəfli münasibətləri yaxşılaşdırmaq qayğısına qalmaq, əlbəttə, bu, Macarıstan üçün də, Orban üçün də yaxşı siyasət deyildi və nəticəsi də bundan ibarət oldu ki, Orban hakimiyyətini itirdi.
Bir sözlə, Avropa Birliyində islahatlara ehtiyac var. Xüsusilə də onun ikili standart yanaşmalar siyasətini davam etdirməsi ziyanından başqa heç bir fayda vermir. Amma Macarıstan kimi, Orban dövründəki Macarıstan kimi, Avropa Birliyinin üzvü olub da, onun əsas siyasətinin əleyhinə getmək də normal deyil”.
//Gülnarə Abasova, Editor.az

