Yaponiyanın Kyuşu adasında baş verən zəlzələnin fəsadları ilə bağlı yeni məlumatlar açıqlanıb.
Editor.az Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın sözlərinə görə xəbər verir ki, təbii fəlakət nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.
Məlumata görə, zəlzələ zamanı 7 nəfər ağır yaralanıb, 29 nəfər isə müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. Zərərçəkənlərdən onlarla insan xəstəxanalara yerləşdirilib.
Hazırda 9 mindən çox sakin təxliyə məntəqələrində yerləşdirilib. Təbii fəlakət bölgəsində infrastruktur da ciddi zərər görüb.
Məlumata əsasən, təxminən 36,9 min ev təsərrüfatı elektrik enerjisiz, 9,5 min abonent isə qazsız qalıb. Bundan başqa, 84 min ev və mənzildə su təchizatı dayandırılıb. Kumamoto prefekturasının bəzi ərazilərində rabitə xidmətlərində də fasilələr yaranıb.
Zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbçisi cəlb olunub.
Xatırladaq ki, Kyuşu adasında baş verən zəlzələnin maqnitudası 7,1 olub. Yeraltı təkanlardan sonra Ariake və Yatsuşiro körfəzlərinin sahilləri üçün hündürlüyü 1 metrə qədər çata biləcək sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilmişdi.
Təbii fəlakət nəticəsində bir sıra binalar dağılıb, yollar və körpülər zədələnib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində 80-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Bölgə sakinləri yeraltı təkanları son dərəcə güclü kimi xarakterizə ediblər.
Hazırda Yaponiyanın aidiyyəti qurumları bölgədə axtarış-xilasetmə və bərpa işlərini davam etdirir.
//Gülnarə Abasova, Editor.az

