Hindistanda sel sularından qaçan ilanlar azı 20 nəfəri sancdıbackend

Hindistanda sel sularından qaçan ilanlar azı 20 nəfəri sancdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Hatras dairəsində leysan yağışlarının yaratdığı güclü daşqınlar nəticəsində yuvalarını tərk edən ilanlar bir gecə ərzində azı 20 nəfəri sancıb.

Editor.az xəbər verir ki, məlumata görə, fasiləsiz yağan yağışlar bölgədə ciddi subasmaya səbəb olub. Nəticədə ilanlar su altında qalan yuvalarından çıxaraq kəndlərə, əkin sahələrinə və yaşayış evlərinə doluşublar.

Rayon xəstəxanasının baş həkimi Surya Prakaş bildirib ki, bütün zərərçəkənlər təcili olaraq Baqla xəstəxanasına çatdırılıb və onlara ilan zəhərinə qarşı zərdab vurulub. Onun sözlərinə görə, 20 pasiyentin müalicəsi üçün ümumilikdə 55 doza zərdab istifadə edilib. Ağır vəziyyətdə olan üç nəfərə isə əlavə dozalar tətbiq olunub.

Kritik vəziyyətdə olan xəstələrdən biri Əliqarhdakı Cəvahirləl Nehru Tibb Kollecinə göndərilib.

Baş həkim kənd sakinlərini xalq təbabətinə və falçılara etibar etməməyə çağıraraq bildirib ki, ilan sancması zamanı vaxtında xəstəxanaya müraciət etmək həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, zərdabın erkən tətbiqi sağalma şansını əhəmiyyətli dərəcədə artırır.

Yerli KİV bir neçə zərərçəkənin hekayəsini də yayıb. Belə ki, Gidjaroli kənd sakini Dev Kumar tarladan evə qayıdarkən ilan tərəfindən ayağından sancılıb. Fermer Pinki Devi isə gecə evində yatarkən ilanın hücumuna məruz qalıb.

Qeyd edək ki, oxşar hadisə bu yaxınlarda Çində də baş verib. Daşqın nəticəsində ilan ferması su altında qaldığından təxminən 900 sürünən ətrafa yayılıb.  

//Gülnarə Abasova, Editor.az