Pakistanın Əfqanıstana endirdiyi son hava zərbələri nəticəsində ölən və yaralananların olduğu bildirilir. İki ölkə arasında son aylarda qarşılıqlı hücumların sayı yenidən artıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a qeyd edib ki, bu gərginlik bölgə ölkələrini də narahat edir: “Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiulla Mocaxedin sözlərinə görə, Pakistanın endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb, 3 bina dağılıb. Bu hücumlar Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər ərazilərindəki yaşayış evlərini hədəf alıb. Kabil aviazərbəni bütün tanınmış prinsipləri pozan təcavüz aktı və cinayət kimi qiymətləndirib”.
Politoloqun sözlərinə görə, il ərzində iki dövlət arasında buna bənzər toqquşmalar bir neçə dəfə olub: “Mart ayında Əfqanıstandan havaya qaldırılan dronlar Pakistan ordusunun bazasına zərbə endirmişdi. Bu zərbə nəticəsində Pakistan komandanlıq qərargahı dağıdılmışdı. Öz növbəsində Pakistan da Əfqanıstana cavab zərbəsi endirmişdi. Pakistanın Kabilə hava hücumları nəticəsində 4 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 10 gün əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə nəfər həlak olmuşdu. Pakistan Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad Kabilin “Bəlucistan Azadlıq Ordusu”na da sığınacaq verdiyini iddia edir. Taliban bu ittihamlarla razılaşmır. Vəziyyəti gərginləşdirən iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 kilometr uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri çəkiblər”.
Elxan Şahinoğlu qeyd edib ki, Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır və bu, gərginliyə səbəb olur: “Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir. Pakistan isə həm sərhəd məntəqələrin, həm də paytaxt Kabilə zərbə endirir. Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış etsələr də, nəticə yoxdur”.
/Müsavat/

