Keniya ilə Böyük Britaniya arasında uzun illərdir davam edən hərbi əməkdaşlıq yeni müdafiə sazişinin təsdiqlənməməsi fonunda qeyri-müəyyən vəziyyətə düşüb.
Editor.az xəbər verir ki, Keniya mətbuatının məlumatına görə, ləğv edilən hərbi təlim çərçivəsində Böyük Britaniya ordusunun 1-ci Lankaster Hersoqu Alayının hərbçilərinin sentyabr ayında Keniyada təlim keçməsi planlaşdırılırdı.
Mübahisənin əsas səbəbi yurisdiksiya məsələsidir
Keniya Milli Assambleyasının Müdafiə, Kəşfiyyat və Xarici Əlaqələr Komitəsinin sədri Nelson Koeç bildirib ki, iki ölkə arasında həllini gözləyən məsələlərlə bağlı danışıqlar davam edir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə hərbi təlimlərin ləğvinin regionun iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini qəbul edib. Nazirlik Keniya ilə müdafiə tərəfdaşlığını davam etdirmək niyyətində olduğunu və hərbi təlimlərin yenidən bərpa olunması üçün təmasların davam etdirildiyini açıqlayıb.
Bununla belə, Britaniya ordusunun Keniyadakı fəaliyyəti uzun müddətdir ölkədə müzakirə və narazılıq mövzusudur.
Ötən il Keniya parlamentinə təqdim olunan hesabatda Britaniya hərbçiləri ilə bağlı insan hüquqlarının pozulması, ətraf mühitə zərər vurulması və cinsi zorakılıq iddialarına yer verilib.
Bu məsələlər arasında ən çox diqqət çəkən hadisələrdən biri isə Agnes Vanqirunun ölümü ilə bağlıdır. Qətldə ittiham olunan britaniyalı hərbçi Robert Purkiss barəsində aparılan məhkəmə prosesində yurisdiksiyanın Keniyaya aid olduğu bildirilir. Onun ekstradisiyası ilə bağlı məhkəmə iclasının noyabr ayında keçirilməsi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

