PCWorld nəşri Windows 11 əməliyyat sistemində kompüterin məhsuldarlığına və gündəlik istifadə rahatlığına ən çox təsir göstərən üç əsas parametrin siyahısını dərc edib.
Mütəxəssislərin fikrincə, ilk növbədə Power Mode (Enerji rejimi) diqqətə alınmalıdır. Ayarlar → Sistem → Güc və batareya bölməsində yerləşən Best Performance rejimi prosessorun maksimum gücdə işləməsinə imkan verir və bəzi kompüterlərdə performansı təxminən 5 faizə qədər artırır. Bununla belə, bu rejim enerji sərfiyyatını da yüksəldir.
İkinci vacib parametr Storage Sense funksiyasıdır.
Bu alət lazımsız faylları avtomatik silərək SSD yaddaşında boş yer yaradır və diskin dolması səbəbindən yarana biləcək performans azalmasının qarşısını alır.
Üçüncü mühüm məqam isə OneDrive ehtiyat nüsxəsi və avtomatik sinxronizasiya funksiyasıdır. Ekspertlər bildirirlər ki, bu xidmət internet trafiki və sistem resurslarından istifadə etdiyi üçün bəzi hallarda kompüterin işini ləngidə bilər. OneDrive-dan istifadə etməyən istifadəçilərə sinxronizasiya və ehtiyat nüsxəsi parametrlərini söndürmək və ya tənzimləmək tövsiyə olunur.
Mütəxəssislərin qənaətincə, bu üç parametrin düzgün sazlanması Windows 11 sisteminin daha sürətli və stabil işləməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

