“Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən kimi görünüb Azərbaycan Prezidenti İlham Əliyevi tənqid edə bilməsiniz”.
Editor.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist, “Time Medya Haber”in rəhbəri Ali Kan sosial şəbəkə hesabında yaydığı videomüraciətdə bildirib.
O, Türkiyədə Azərbaycana qarşı əsassız ittihamlara sərt reaksiya verib:
“Siz necə Ərdoğan dəstəkçisisiniz? Türkiyə Prezidenti şəxsən qardaşı hesab etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi və onu Türkiyəyə dəvət etdi. Nə gözləyirdiniz? Bu məsələ daha da böyüsün, iki ölkə arasında qardaşlıq əlaqələri zərər görsün istəyirdiniz. İstədiyiniz baş tutmadı. Ərdoğanın yanındaymış kimi davranıb, onun qardaşım dediyi şəxsə dilə gətirilməyəcək sözlər deyənlər, siz necə bir dəstək anlayışına sahibsiniz? Bir ölkənin prezidentini təhqir edərək nəyi müdafiə etdiyinizi düşünürsünüz? Tənqid başqa, təhqir başqa şeydir. Hər kəs tənqid oluna bilər, lakin tənqid təhqirə çevrilməməlidir. Bu üslub nə qardaşlığa, nə də insanlığa yaraşır. Türkiyə ilə Azərbaycan arasına nifaq salmaqdan əl çəkin. İki ölkənin münasibətləri sosial media mübahisələrindən çox daha böyükdür. Bu qardaşlıq bir neçə nəfərin təhqirləri və təxribatları ilə yıxılacaq qədər zəif deyil”.

