2026-cı ilin payızında mövsümi üst geyimlərində ən çox üstünlük verilən rənglər bəlli olub. Araşdırmaya əsasən, qara, qəhvəyi, bej və boz rənglər istifadəçilərin seçimlərində ilk sıralarda yer alır.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Araşdırmanın nəticələrinə görə, yaz-payız mövsümündə istifadə olunan üst geyimlərinin 72 faizi dörd neytral rəngin payına düşür.
Ən populyar rəng qara olub. Üst geyimlərinin 25,8 faizi bu rəngə aiddir. İkinci yerdə 18,7 faizlə qəhvəyi, üçüncü yerdə isə 14,1 faizlə bej rəngi qərarlaşıb. Boz rəng 13,8 faiz göstərici ilə ilk dördlüyü tamamlayıb.
Parlaq rənglərə maraq isə nisbətən aşağıdır. Mavi rəng 8,1 faiz, ağ rəng 6,3 faiz, yaşıl rəng 5,2 faiz təşkil edib. Siyahının sonlarında yer alan qırmızı rəngin payı 3,2 faiz, çəhrayı rəngin payı isə 2,6 faiz olub. Digər rənglərin ümumi göstəricisi 2,2 faiz təşkil edib.
Araşdırmaya istifadəçilərin qarderoblarında “üst geyimləri” kateqoriyası altında yaz və payız mövsümü üçün qeyd etdikləri gödəkçələr, plaşlar, paltolar və digər geyimlər daxil edilib.
YeetStyle tətbiqinin yaradıcısı Anna Bakaykina bildirib ki, qara, bej və boz rənglər istənilən qarderoba asanlıqla uyğunlaşan əsas rənglər hesab olunur. Onun sözlərinə görə, bu il xüsusilə qəhvəyi rəngə maraq artıb. Təbiət tonlarını xatırladan bu rəng müxtəlif geyimlərlə asanlıqla uyğunlaşdırılır və fərqli üslublarda istifadə oluna bilir.
Bakaykinanın müşahidələrinə əsasən, klassik qara gödəkçələri getdikcə daha çox şokolad, karamel və qəhvə tonlarında olan modellər əvəz edir.
Beləliklə, 2026-cı ilin payızında üst geyimləri seçimində neytral rənglər üstün mövqeyini qoruyur, qəhvəyi tonlar isə mövsümün diqqətçəkən trendlərindən biri kimi önə çıxır.
//Gülnarə Abasova, Editor.az

