Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşüb.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətləri, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Azad İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb.
Müzakirələr zamanı regional və beynəlxalq proseslər, BMT, AQEM və ŞƏT çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Xarici işlər naziri Ceyhun Bayramov həmkarına Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və etimad quruculuğu tədbirləri barədə məlumat verib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri və davam edən mina təhlükəsi məsələlərinə də toxunulub.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.


