“Son vaxtlar “COVİD-19” pandemiyasının yeni “Omicron” ştammına yoluxanların sayında böyük artım müşahidə olunur. Bu da istər-istəməz hərkəsi təşvişə salır, müxtəlif yanaşmaların, təkliflərin yayılmasına gətirib çıxarır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkilinin sözlərinə görə, bir çox ekspertlər, universitet və orta məktəblərdə ənənəvi təhsildən distant təhsilə keçidin vacib olduğunu vurğulayırlar:
“Ancaq baş verən bütün proseslər fonunda Azərbaycan universitetləri hibrid təhsil formasını davam etdirmək qərarına gəldilər. Həftənin 2 və ya 3 günü ənənəvi, qalan günlərində isə distant təhsilə üstünlük verdilər. Bu qərar artıq təsdiqləndi. Məndə olan məlumata görə orta məktəblərdə isə əsasən siniflər və məktəblər üzrə qapanmalar bir həftəlik və ya iki həftəlik həyata keçirilməkdədir. Bu da istər-istəməz müəyyən dərəcədə müsbət nəticə verir. Mən hibrid formada təhsilin davam etdirilməsinin tərəfdarıyam. Çünki təhsili distant təhsilə keçirtməklə biz yeni- yeni dirçəlməyə başlayan bu prosesi dayandırmış olacağıq. Bu da istər-istəməz bizim üçün əlavə fəsadlar və problemlər yaradacaq”.
N. Həmzəyev qeyd edib ki, orta məktəblərdə yoluxma bir sinifdə müəllim və ya şagirdlər arası olduqda həmin sinif distant təhsilə keçir:
“Əgər məktəb üzrə yoluxmanın müşahidə edildiyi siniflərin sayı çox olduqda isə sırf həmin məktəbdə dərslər distant təhsillə davam etdirilir. Ümumilikdə bütün təhsil sisteminin distant təhsil formasına keçməsini doğru hesab etmirəm. Çünki digərləriylə müqayisədə “Omicron” ştammına yoluxanlarda xəstəliyin ağır keçmə ehtimalı daha azdır. Hətta bu ştam əvvəlki dövrlərdəki qrip və digər xəstəlikləri daha çox xatırladır. Bu da istər-istəməz xəstəliyin gücünün zəiflədiyini deməyə əsas verir. Ona görə də biz 3-cü doza vaksin də vurdurmalıyıq. Buster dozası zəruri və vacibdir. Bununla yanaşı ənənəvi formada təhsili davam etdirə bilək”.
//Gülnarə Abasova, Editor.az

