Psixoloq gəlirin artmasına mane olan 5 əsas vərdişi açıqlayıbbackend

Psixoloq gəlirin artmasına mane olan 5 əsas vərdişi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın mentor və psixoloq Karina Kats gəlirin artmasına mane olan, maliyyə qərarlarına və insanın qazanc imkanlarına mənfi təsir göstərən beş vərdişi açıqlayıb. Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

O bildirib ki, mütəxəssis gəlir artımının qarşısını alan amillərin yalnız peşəkar bilik və bacarıqlarla məhdudlaşmadığını, gündəlik davranışların və emosional vəziyyətin də bu prosesdə rol oynadığını bildirib.

Psixoloqun fikrincə, yorğunluğu alış-verişlə kompensasiya etmək insanın maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu zaman alış-veriş zəruri ehtiyacların ödənilməsindən daha çox, stressi azaltmaq və müvəqqəti rahatlıq əldə etmək vasitəsinə çevrilir. Lakin belə davranış emosional gərginliyin səbəbini aradan qaldırmır, eyni zamanda əlavə xərclərə yol açır.

Mütəxəssis maliyyə qərarlarının həddindən artıq yorğun vəziyyətdə verilməsinin də riskli olduğunu vurğulayıb. Onun yanaşmasına görə, fiziki və emosional tükənmə insanın seçimlərinə təsir göstərərək daha düşünülmüş və sərfəli qərarlar qəbul etməsini çətinləşdirə bilər. Bu baxımdan, əməkhaqqının artırılması ilə bağlı danışıqlar və iş dəyişikliyi kimi mühüm məsələlərin insanın özünü daha yaxşı hiss etdiyi vaxtda müzakirə olunması məqsədəuyğundur.

Katsın diqqət çəkdiyi digər məqam maliyyə ehtiyatının yaradılmamasıdır. Gözlənilməz xərclər üçün vəsaitin olmaması insanın narahatlığını artıra, onu uzunmüddətli maliyyə planlarından uzaqlaşdıraraq gündəlik problemlərin həllinə yönəldə bilər. Maliyyə ehtiyatının formalaşdırılması isə gözlənilməz vəziyyətlərdə daha çevik və düşünülmüş qərarlar verməyə şərait yaradır.

Psixoloq, həmçinin pulun yalnız ağır zəhmət və böyük fədakarlıq hesabına qazanılmasının mümkünlüyünə dair düşüncələrin gəlir artımını məhdudlaşdıra biləcəyini qeyd edib. Bu yanaşma insanın mövcud bacarıqlarından daha səmərəli istifadə etməsinə, yeni qazanc imkanlarını araşdırmasına və əməyinin dəyərini düzgün qiymətləndirməsinə mane ola bilər.

Mütəxəssisin diqqət çəkdiyi sonuncu amil isə insanın asanlıqla bacardığı işlərin dəyərini aşağı qiymətləndirməsidir. Şəxsin gündəlik fəaliyyətdə təbii və rahat şəkildə yerinə yetirdiyi bacarıqlar başqaları üçün əhəmiyyətli ola və gəlir mənbəyinə çevrilə bilər. Lakin insan bu üstünlükləri adi hesab etdikdə onların iqtisadi potensialını nəzərdən qaçıra bilər.

Ekspertin yanaşmasına görə, maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün gündəlik vərdişlərin təhlili, xərclərin planlaşdırılması, şəxsi bacarıqların düzgün qiymətləndirilməsi və uzunmüddətli məqsədlərin müəyyənləşdirilməsi vacibdir.

//Gülnarə Abasova, Editor.az