Nevroloq yaşlı insanların niyə səhər saat 5-də oyandıqlarını izah edibbackend

Nevroloq yaşlı insanların niyə səhər saat 5-də oyandıqlarını izah edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşlı insanların səhər tezdən, xüsusilə də saat 4–5 radələrində oyanması orqanizmdə melatonin hormonunun azalması, yuxu fazasının irəli çəkilməsi və sirkadiyal ritmlərdə yaşa bağlı dəyişikliklərlə əlaqədardır.

Editor.az xəbər verir ki, bu barədə nevroloq Yuliya Prokofyeva məlumat verib.

Həkimin sözlərinə görə, yaş artdıqca “terminal yuxusuzluq” adlandırılan erkən oyanma halları daha çox müşahidə olunur. Səhərə yaxın qanda stress və aktivlik hormonu hesab edilən kortizolun səviyyəsi təbii olaraq yüksəlməyə başlayır. Gənc insanlarda yüksək melatonin səviyyəsi bu prosesi müəyyən qədər tarazlaşdırsa da, yaşlılarda melatonin ehtiyatının azalması və kortizola həssaslığın artması nəticəsində insan vaxtından əvvəl oyanır.

Mütəxəssis bildirib ki, gənclərdə melatonin ifrazının pik həddi adətən gecə saat 23:00–01:00 aralığında müşahidə olunur. Yaşlı insanlarda isə bu proses daha erkən – təxminən 21:00–22:00 saatlarına təsadüf edir. Nəticədə onlar daha tez yuxuya gedir və 6–7 saatlıq yuxudan sonra səhər tezdən oyanırlar. Bu, orqanizm üçün normal hesab olunsa da, gündəlik sosial rejimlə uyğun gəlmədiyi üçün narahatlıq yarada bilir.

Prokofyeva əlavə edib ki, yaşlandıqca dərin yuxunun müddəti də azalır. Buna görə də yuxu daha səthi və tez-tez bölünən xarakter alır. Kiçik səs-küy, işıq və ya fiziki narahatlıq belə yaşlı insanın oyanmasına səbəb ola bilər və yenidən dərin yuxuya qayıtmaq çətinləşir.

Nevroloq yuxusuzluğun aradan qaldırılması üçün bir sıra tövsiyələr də verib. Onun sözlərinə görə, əgər insan səhər saat 5-də oyanıb 20 dəqiqədən çox müddətdə yenidən yuxuya gedə bilmirsə, yataqda qalmaq əvəzinə ayağa qalxması daha məqsədəuyğundur. Yatağa yalnız güclü yuxululuq hiss etdikdən sonra qayıtmaq lazımdır.

Həkim, həmçinin oyandıqdan dərhal sonra parlaq işıqdan istifadə etməyi və ya açıq havaya çıxmağı tövsiyə edib. Bu, bioloji saatın tənzimlənməsinə kömək edir. Gün ərzində yatmaqdan çəkinmək, axşam saatlarında parlaq işıqdan uzaq durmaq və gündə ən azı 30–40 dəqiqə fiziki aktivliklə məşğul olmaq da sağlam yuxunun qorunması üçün vacib hesab olunur.

//Gülnarə Abasova, Editor.az