Yaponiyada bir qadın internet mağazasında təxminən 2 min dəfə sifariş verib sonradan ləğv etdiyi üçün polis tərəfindən saxlanılıb.
Editor.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın istintaq zamanı əməlini etiraf edib və bunu stress və yığılan yorğunluqdan qurtulmaq üçün etdiyini bildirib.
İstintaqın məlumatına əsasən, şübhəli şəxs məşhur “One Piece” manqası ilə bağlı fiqurlar və digər suvenir məhsulları sifariş edir, lakin sonradan ya ödəniş etmirdi, ya da çatdırılan məhsulları qəbul etməkdən imtina edirdi. Bunun üçün o, 200-dən çox fərqli hesabdan istifadə edib.
Bəzi hallarda qadın ödəniş müddətinin bitməsini gözləyərək sifarişi ləğv edir, digər hallarda isə “çatdırılarkən ödəniş” seçimini edərək bağlamaları qəbul etmirdi.
Hazırda polis onun hərəkətləri nəticəsində internet mağazasına dəyən maddi zərərin həcmini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.
//Gülnarə Abasova, Editor.az

