Avropada müşahidə olunan ekstremal istilər insan tələfatını sürətlə artırır.
Editor.az xəbər verir ki, Almaniyanın Robert Kox İnstitutunun (RKI) açıqladığı son məlumatlara görə, təkcə 2026-cı il iyunun 22–28-i tarixlərini əhatə edən bir həftə ərzində ölkədə yüksək temperaturla əlaqəli 9 600 ölüm halı qeydə alınıb.
Məlumata əsasən, bu göstərici Almaniyada indiyədək bir həftə ərzində istilərlə əlaqədar qeydə alınan ən yüksək ölüm sayıdır. Bununla yanaşı, 2026-cı ilin əvvəlindən bəri ölkədə anomal istilərlə əlaqələndirilən ümumi ölüm sayı təxminən 11 min 900-ə çatıb. Bu rəqəm artıq 2018-ci ildə qeydə alınmış və həmin vaxt rekord hesab olunan 8 900 ölüm göstəricisini geridə qoyub.
İnstitutun hesablamalarına görə, ölüm hallarının böyük hissəsi iyunun sonlarında müşahidə edilən güclü isti hava dalğası ilə bağlıdır. Həmin günlərdə Almaniyanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni, ayrı-ayrı məntəqələrdə isə 41 dərəcəni ötüb. İyun ayı ölkədə meteoroloji müşahidələrin aparıldığı dövr ərzində ən isti aylardan biri kimi qeydə alınıb.
RKI bildirib ki, istilərlə bağlı ölüm göstəriciləri birbaşa ölüm səbəbi kimi deyil, statistik modellər əsasında hesablanır. Çünki əksər hallarda yüksək temperatur xroniki xəstəlikləri ağırlaşdıraraq ölüm riskini artırır və bu səbəb ölüm haqqında şəhadətnamələrdə ayrıca göstərilmir.
Statistikaya əsasən, qurbanların böyük əksəriyyəti yaşlı insanlardır. Ölənlərin yarıdan çoxu 85 yaşdan yuxarı şəxslərdir. Mütəxəssislər isti hava dalğalarının xüsusilə yaşlılar, ürək-damar və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
Almaniyada həkim birlikləri, ekoloji təşkilatlar və vətəndaş cəmiyyəti institutları hökuməti ekstremal istilərə qarşı hazırlıq tədbirlərini gücləndirməyə çağırıb. Ekspertlər xəstəxanaların, qocalar evlərinin, məktəblərin və digər ictimai binaların iqlim dəyişikliklərinə uyğunlaşdırılmasının vacibliyini bildirirlər.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi nəticəsində Avropada isti hava dalğaları daha tez-tez, daha uzunmüddətli və daha intensiv xarakter alır. Bu isə həm insan sağlamlığı, həm də iqtisadiyyat və infrastruktur üçün riskləri əhəmiyyətli dərəcədə artırır.
//Gülnarə Abasova, Editor.az

