Oynaqları zəif olanlar üçün daha təhlükəsiz məşq üsulu – mütəxəssisdən TÖVSİYƏbackend

Oynaqları zəif olanlar üçün daha təhlükəsiz məşq üsulu – mütəxəssisdən TÖVSİYƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oynaqlara yüksək yük düşməsini istəməyən insanlar üçün interval yerimə uyğun məşq üsullarından biri ola bilər. Mütəxəssislər bu metodun ürək-damar sistemini çalışdırmaqla yanaşı, qaçışla müqayisədə zədələnmə riskini azaltmağa kömək edə biləcəyini bildirirlər.

Editor.az The Independent-ə istinadla xəbər verir ki, xüsusilə oynaqlarında həssaslıq olan insanlar üçün Yaponiyada tətbiq olunan interval yerimə metodu alternativ məşq variantı kimi nəzərdən keçirilə bilər.

Metod yavaş və sürətli yerimə intervallarının növbələşdirilməsinə əsaslanır. Sertifikatlı fərdi məşqçi Stiv Çembersin sözlərinə görə, bu üsul yüksək zərbə yükü olmadan ürək-damar sistemini məşq etdirməyə imkan verir.

Mütəxəssis 30 dəqiqəlik məşq zamanı hər üç dəqiqədən bir tempi dəyişməyi tövsiyə edir. Belə ki, əvvəlcə sakit templə yerimək, daha sonra üç dəqiqə ərzində sürəti artırmaq və ardınca yenidən yavaşlamaq lazımdır. Bu ardıcıllıq məşq müddətində təkrarlanır.

Çembers yükün düzgün tənzimlənməsi üçün 1-dən 10-a qədər olan subyektiv gərginlik şkalasından istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, yavaş intervallarda yük təxminən 5 bal səviyyəsində olmalıdır. Bu zaman insan rahat şəkildə danışa bilməlidir. Sürətli intervallarda isə gərginliyi 7-8 bala qədər artırmaq mümkündür. Lakin maksimum gücdən istifadə etmək tövsiyə edilmir.

Interval yerimənin əsas üstünlüklərindən biri oynaqlara düşən zərbə yükünün nisbətən aşağı olmasıdır. Qaçış zamanı hər addımda ayaqlara daha çox zərbə düşdüyü halda, yerimə zamanı bu təsir əhəmiyyətli dərəcədə azalır.

Bu səbəbdən interval yerimə həssas oynaqları olan və məşq zamanı zədələnmə riskini azaltmaq istəyən insanlar üçün daha rahat seçim ola bilər.

Bununla yanaşı, mütəxəssis qeyd edir ki, interval yerimə tamhüquqlu kardio məşqi hesab oluna bilər. Sürətli intervallar zamanı ürək daha intensiv işləyir, eyni zamanda ayaq, pəncə, bədən və qol əzələləri hərəkətə cəlb olunur.

Məşq üçün xüsusi avadanlığa da ehtiyac yoxdur. Rahat idman ayaqqabısı və saniyəölçən kifayətdir. Məşqi həm açıq havada, həm də qaçış trenajorunda həyata keçirmək mümkündür.

Bununla belə, mütəxəssis xəbərdarlıq edir ki, interval yerimə güc məşqlərini tam əvəz edə bilməz.

Onun sözlərinə görə, yerimə əzələlərin işləməsinə və müəyyən qədər möhkəmlənməsinə kömək etsə də, əlavə müqavimət olmadan əzələ gücünün və kütləsinin əhəmiyyətli dərəcədə artırılması üçün imkanları məhduddur.

Bu səbəbdən interval yerimənin güc məşqləri ilə birlikdə tətbiqi daha məqsədəuyğun hesab olunur.

//Gülnarə Abasova, Editor.az