Paşinyanın reytinqi niyə artır?– Oqtay Qasımov səbəbləri açıqladıbackend

Paşinyanın reytinqi niyə artır?– Oqtay Qasımov səbəbləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son ictimai rəy sorğuları hakimiyyətlə müxalifət arasındakı siyasi balansın hazırkı vəziyyətini bir daha gündəmə gətirib. Sorğular Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın hələ də seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qoruduğunu göstərsə də, müxalif düşərgənin cəmiyyətə təqdim etdiyi alternativlərin yetərincə cəlbedici görünməməsi diqqət çəkir. Mövcud mənzərə Ermənistanın daxili siyasi proseslərinin gələcək istiqamətləri ilə bağlı müxtəlif suallar doğurur.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçirilən son rəy sorğuları Nikol Paşinyanın və onun rəhbərlik etdiyi siyasi qüvvənin mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir:

“Düşünürəm ki, bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Paşinyana qarşı çıxan siyasi qüvvələr fəaliyyətlərini əsasən revanşist çağırışlar və hakimiyyətin tənqidi üzərində qurublar. Lakin onlar Ermənistan cəmiyyətinə gələcəklə bağlı aydın və inandırıcı proqram təqdim edə bilməyiblər. Müxalifətin ritorikasında daha çox qarşıdurma və müharibə mövzularının ön plana çıxması seçicilərin gözləntiləri ilə üst-üstə düşmür.

Ermənistan cəmiyyəti son illərdə həm müharibənin ağır nəticələrini yaşayıb, həm də davamlı gərginlikdən yorulub. Bununla yanaşı, seçicilər ölkənin keçmiş rəhbərlərinin fəaliyyətini də unutmurlar. Xüsusilə Robert Koçaryan və Serj Sarkisyan dövrlərində müşahidə olunan korrupsiya, iqtisadi monopoliyalar, sosial problemlər və kriminogen vəziyyət hələ də ictimai yaddaşda qalmaqdadır.

Digər tərəfdən, Nikol Paşinyan cəmiyyətə daha sabit və firavan gələcək vəd edir, bu istiqamətdə konkret proqramlar təqdim etməyə çalışır. Son illərdə həyata keçirilən islahatlar, xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirləri onun ictimai dəstəyinin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, Qərb dövlətləri ilə əlaqələrin genişləndirilməsi və Ermənistanın beynəlxalq dəstək qazanması da seçici davranışına təsirsiz qalmır. Mövcud sorğular göstərir ki, hazırkı mərhələdə Paşinyanın seçkilərdə üstün mövqeyini qorumaq imkanları kifayət qədər yüksək qiymətləndirilir”.

Politoloqun sözlərinə görə, bu tendensiyanın seçkilərdə hansı nəticələrlə əks olunacağını indidən dəqiq proqnozlaşdırmaq çətindir:

“Çünki ictimai rəy sorğuları ilə seçkilərin yekun nəticələri arasında müəyyən fərqlər yarana bilər. Lakin səslər sorğuların göstərdiyi nisbətlərə yaxın bölünərsə, bu, Paşinyanın parlamentdə güclü mövqe əldə etməsinə və siyasi kursunu daha rahat şəkildə davam etdirməsinə şərait yarada bilər.

Müxalifətin zəif görünməsinin əsas səbəblərindən biri onun cəmiyyətə aydın inkişaf perspektivi təqdim edə bilməməsidir. Hazırkı müxalif qüvvələr daha çox keçmiş siyasi gündəmə və Paşinyanın tənqidinə fokuslanır, lakin alternativ idarəetmə modeli ilə bağlı seçiciləri inandıra bilmirlər. Bundan əlavə, həmin siyasi düşərgənin əvvəlki hakimiyyət dövrləri ilə bağlı mənfi ictimai rəylər də onların reytinqinə təsir göstərir.

Bununla belə, hesab edirəm ki, Robert Koçaryan və Samvel Karapetyanın təmsil olunduğu siyasi blokların parlamentə düşmək üçün tələb olunan minimum həddi keçmək imkanları qalır. Ermənistan qanunvericiliyi parlamentdə ən azı üç siyasi qüvvənin təmsil olunmasını nəzərdə tutur və bu baxımdan qanunverici orqanın formalaşması üçün hüquqi mexanizmlər mövcuddur.

Şübhəsiz ki, müxalifətin zəifləməsi hakimiyyətin siyasi manevr imkanlarını genişləndirir. Lakin bu proses uzunmüddətli perspektivdə mövcud müxalifət üçün ciddi problemlər yarada bilər. Əgər ənənəvi müxalif qüvvələr cəmiyyətdəki təsirlərini itirməyə davam etsələr, onların yerini yeni siyasi mərkəzlərin tutması istisna deyil. Ermənistanın siyasi təcrübəsi göstərir ki, boş qalan siyasi məkan gec-tez yeni qüvvələrin meydana çıxmasına şərait yaradır. Buna görə də hazırkı müxalifətin zəifləməsi gələcəkdə yeni müxalif blokların və ya alternativ siyasi hərəkatların formalaşmasına zəmin yarada bilər”.

//Gülnarə Abasova, Editor.az